27 Sentyabr 2021 12:44
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxışınada İkinci Qarabağ müharibəsi, Ermənistanın hərbi cinayətləri və işğal siyasətinin ağır nəticələri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlət başçısı dünya liderlərinə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini böyük qürur hissi ilə qeyd etdi.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması, vaxtilə işğala məruz qalmış torpaqların azad olunması məsələsində həmişə prinsipial mövqedən çıxış edib:

“BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Halbuki Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri isə Ermənistanı sülhə məcbur etmək üçün əməli addımlar atmadılar. Dövlətimizin başçısının dediyi kimi, Ermənistanın məqsədi status-kvonu qorumaq və işğalı möhkəmləndiməkdən ibarət idi. Bütün bunlara görə işğalçı ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmadı”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn qüvvələr də əvvəlki rejimin işğalçı mövqeyində qaldı:

“Bunu Nikol Paşinyanın bir sıra təxribatçı bəyanat və hərəkətləri də sübut etdi. Həmçinin, Ermənistanın keçmiş müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələyirdi. Ermənistanın qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi üçün cəhdlər var idi. Danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini kimi absurd tələblər edilirdi. Bundan əlavə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində nümayişkəranə şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirirdi. Hansı ki, bu, beynəlxalq cinayət hesab olunur. Eləcə də Ermənistanın ötən ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatları bu ölkənin sülhə gəlmək niyyətində olmadığını təsdiqlədi. Sentyabrın 27-də isə erməni tərəfi növbəti hərbi təxribat törədərkən ordumuz tərəfindən əks-hücum əməliyyatı başlandı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox ərazi vahidi azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur olaraq Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz təhvil verdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü yerinə yetirdi. Cənab Prezidentin dediyi kimi bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan indiyə qədər dünyada ilk belə haldır. Ona görə də BMT TŞ-nın qərarlarının icrası mexanizminin təkmilləşdirilməsi zərurətdir”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanın 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdiyini, Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığı Prezident İlham Əliyev tərəfindən BMT müstəvisində bəyan olundu: “Ona görə də beynəlxalq birlik Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı yanlış, təxribatçı mövqelərinə əhəmiyyət verməməlidir. Cənab Prezident qətiyyətlə bəyan etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur və BMT-yə üzv dövlətlər və BMT Katibliyi ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməlidir. Beləliklə, öz ərazilərini işğaldan azad edən Azərbaycan regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqlarla hesablaşmalıdır”.

Deputatın sözlərinə görə, dövlətimizin başçısı sessiyada COVID-19 pandemiyası ilə mübarizə haqqında da dəyərli fikirlərini bildirib: “Məlumdur ki, vaksinləşmə məsələsində müəyyən narahatlıqlar var. Bir çox ölkələr bu baxımdan əziyyət çəkir. Ona görə də cənab Prezidentin dediyi kimi cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır. COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada dövlətimizin başçısı pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Prezidentin bu təklifi də beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə dəstəklənəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər