Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, ötən gün Prezident İlham Əliyev Vətən müharibəsinin başlanılmasının ildönümü və Anım günü ilə bağlı xalqa müraciətində mühüm mesajlar səsləndirdi. Ötən ilin 27-i sentyabrından bu günə kimi bir illik dönəm üçün yaranmış tarixi situasiyanı necə dəyərləndirmək olar?
- Artıq bir ildir ki, qalib dövlətin və millətin nümayəndəsi kimi qürur hissi ilə yaşayırıq. Əraziləri işğaldan azad olunmuş, sərhədləri bərpa olunmuş Azərbaycan vətəndaşı kimi yaşamaq çox şərəflidir. Ötən ilin sentyabrın 27-ə qədər olan dövrdə yaşadığımız hər bir situasiyada arzuolunan ən başlıca məsələ Qarabağın azadlığı idi. Dövlət başçısı da, hakimiyyətinin elə ilk günündən vurğulayırdı ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Vurğulanan o idi ki, torpaqlarımız erməni tapdağından azad olunacaq və bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq. Ali Baş Komandan məhz xalqın ona etimad göstərdiyi gündən vermiş olduğu bütün sözləri yerinə yetirib. Torpaqlarımızın azadlığı ilə bağlı da Ali Baş Komandan kimi xalqına verdiyi sözü qətiyyətlə icra etdi. Ermənistan işğalçı siyasətinə görə cəzalandırıldı. Torpaqlarımızda 30 ilə yaxın işğalçılıq siyasəti həyata keçirən barbarlar bu ərazilərdən qovuldu. Artıq azad ərazilərimizdə quruculuq-abadlıq işləri icra edilir. Bu da tez bir zamanda məcburi köçkün vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına hədəflənib. Məhz ötən gün şəhidlərimizin Anım günündə Ali Baş Komandan və Birinci vitse-prezident hərbi geyimdə əllərində şəhidlərin portretlərini daşımaqla vətən uğrunda şəhid olmuş hər bir soydaşımıza olan sonsuz sevginin bariz nümunəsi idi. Bu, eyni zamanda bütün dünya üçün də açıq bir mesaj idi ki, Azərbaycan öz torpaqları uğrunda canını qurban verən hər bir vətəndaşına necə sahib olur.
- Dövlət başçısı tərəfindən Ermənistana və onun havadarlarına ünvanlanmış mesajlardan dərs çıxaracaqmı?
- Ermənistana və onun havadarlarına açıq bir mesaj verildi ki, “kim Qarabağla bağlı hansısa bir xəyala düşübsə, bunu öz ərazisində reallaşdırsın”. Ermənistan və onun himayədarları da bu mesajdan özləri üçün nəticələr çıxarmalıdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Dövlət sərhədlərimizin təhlükəsizliyi üçün artıq ciddi addımlar atılıb. Ona görə də, dövlət başçısı məhz bizim üçün qürurlu bir gündə verdiyi mesajla bütün tərəfləri də xəbərdar etmiş oldu. Şəhidlərimiz yüksək səviyyədə anıldı. Məhz bu igidlərin qəhrəmanlığı hesabına xalqımızın, dövlətimizin üzərində olan məğlub ifadəsi birdəfəlik götürüldü. Biz bu gün qəhrəmanlarımızın rəşadəti hesabına böyük qürur və qalibiyyət ruhu ilə yaşayırıq. İqtidar, xalq, ordu birliyi 44 günlük Vətən müharibəsində bir yumruq kimi düşmənə layiqli zərbə vuruldu.
- Özləri haqqında mif yaratmış erməni cəmiyyətində 27 sentyabrla bağlı olan mənzərə göz önündədir. Matəm ab-havasında olan Ermənistan reallığı necə qiymətləndirməlidir?
- 44 günlük müharibə erməni cəmiyyətində bir çox mifləri alt-üst etdi. Onların özləri haqqında illərdir formalaşmış zərərli informasiyalar darmadağın oldu. Ermənistan ordusu bütövlükdə məhv edildi. 10 illərdir erməni diasporunun himayəsi ilə Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarla çıxış edən Ermənistan məhz bu yanlış “ideyalarına” görə bu cür ağır cəzaya məhkum oldu. Çünki Ermənistana bu illər ərzində "qonşularla normal münasibətlər yarat, inkişaf yolu tut" çağırışları əbəssiz oldu. Bütün beynəlxalq təşkilatların Ermənistana Azərbaycan ərazilərindəki qoşunlarını dərhal çıxarması ilə bağlı etdiyi çağırışlar, qətnamələr bu ölkə tərəfindən rədd edilirdi. 90-cı illərin əvvələrində Ermənistan öz havadarlarının yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi və ondan sonra davam edən təxribatları sözsüz ki, cavabsız qala bilməzdi. Məhz son illər Ermənistanın açıq xarakter alan təxribatları, Azərbaycana qarşı yeni ərazi iddiaları bu ölkənin işğal siyasətindən imtina etməklə bağlı mövqeyinin olmamasını bir daha qətiləşdirdi. Sözsüz ki, Ermənistan özünün çirkin niyyətini həyata keçirmək üçün davamlı olaraq təxribatlara əl atması Azərbaycana özünün haqq mübarizəsinə başlaması üçün əsas yaratdı. Məhz 44 günə Ermənistanın “yenilməz” adlandırdığı “ordusu” darmadağın edildi. Azərbaycan özünün hərbi, siyasi, iqtisadi üstünlüyü ilə bölgədə yeni bir reallıq yaratdı. Bu reallığı Ermənistan və onun havadarları dərk etmədiyi müddətdə erməni cəmiyyətinin hər qarşıdan gələn təqvimi matəm içərisində keçirməsi də qaçılmaz olacaq.