Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin Soçidə keçirilən görüşü davam edir.
Teleqraf.com xəbər verir ki, təkbətək görüşdən öncə açıqlama verən Ərdoğan əvvəllər baş tutan üz-üzə görüşdən məmnunluğunu bildirib.
COVID-19-un bir çox dostu bir-birindən ayırdığını deyən Ərdoğan bütün tədbirlərə baxmayaraq pandemiya ilə mübarizənin çox çətin şərtlərdə davam etdiyini söyləyib.
Türkiyədəki yanğınlarla mübarizədə verdiyi dəstəyə görə Putinə təşəkkürünü bildirən Ərdoğan yanğın söndürmə işləri zamanı həyatını itirən rus pilotların ailələrinə başsağlığı verib.
“Həqiqətən də dostlar belə çətin günlərdə bəlli olur”, - Türkiyə lideri qeyd edib.
Türkiyə-Rusiya münasibətlərinin siyasi, hərbi, iqtisadi və ticari – bir çox fərqli sahələrdə özünü göstərdiyinə diqqət çəkən Ərdoğan bildirib:
“Ticarət həcmində bəzi eniş-yoxuşlar olsa da, hazırda çox yaxşı vəziyyətdədir. Daha da yaxşı bir mövqe tutacağımıza inanıram. Xüsusilə də turizm sahəsində verdiyiniz dəstək üçün çox təşəkkür edirəm. Rus dostlarımızın Türkiyəni seçkdilərinə görə də minnətdarıq”.
Akkuyu Atom Elektrik Stansiyasının inşasının davam etdiyini və müəyyən olunmuş vaxtda tamamlanacağını bildirən Ərdoğan vurğulayıb:
“Düşünürəm ki, gələn il birinci blokun açılışını edə biləcəyik. Çox iş var. 13 min adam işləyir. Orada 10 min türk, 3 min rus çalışır, demək olar ki, əməkdaşlarımızın hamısı Rusiyada təhsil alıb. Bu da təbii ki aramızdakı əlaqələri gücləndirir”.
Prezident Ərdoğan əlavə edib:
“Başqa bir məsələ, əlbəttə ki, müdafiə sənayesində birlikdə atdığımız addımlardır. Bu mövzuda danışmağın da faydası var. BMT Baş Assambleyasında müəyyən insanlar bizdən bu haqda soruşdular, biz də onlara lazımi cavabı verdik. Geri dönməyimiz mümkün deyil. Xüsusilə buna inanıram ki, hər gün Türkiyə-Rusiya münasibətlərində daha da güclənərək davam etməyimizin böyük faydaları var. Suriyada birlikdə atdığımız addımlar da böyük əhəmiyyət daşıyır. Orada sülh Türkiyə-Rusiya münasibətlərindən də asılıdır”.