“İndi Cənubi Qafqazda yaranan reallıqları dəyişmək çətindir. Təbii ki, Rusiya başqa mövqe tuta bilər. Çünki Rusiya da maraqlı deyil ki, bütövlükdə türk dünyasını əlaqələndirən dəhliz ortaya çıxsın. Bəllidir ki, İran da bunu arzu etmir. Amma İranla müqayisədə Zəngəzur dəhlizi Rusiya üçün cəlbedici görünür. Ancaq Rusiya Qafqazdakı siyasətini istənilən vaxt dəyişmək imkanına malikdir. Burada söhbət təkcə Ermənistanın maraqlarına uyğun olan addımlardan getmir. Rusiya öz maraqlarına uyğun gələn addımlara üstünlük verir”.
Bunu Teleqraf.com-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Partiya sədri ehtimal edir ki, Rusiya Zəngəzur dəhlizindən imtina edərək İran-Ermənistan-Gürcüstan yoluna üstünlük verə bilər: “Amma bu, böyük xərc tələb edir. Ruslar əlavə pul xərcləmək istəməz. Nəhayət bölgədə yeni şərait yaranıb, Türkiyə Cənubi Qafqaza nəinki daxil olub, eyni zamanda mövqelərini bərkidir. Başqa sözlə, Azərbaycan və Türkiyə indi regionda əsas aparıcı ölkədir. Əlbəttə, Rusiyanın da böyük təsirləri var. Sadəcə əsas söz sahibi Azərbaycan və Türkiyə olduğu üçün indi bölgədə yaranan reallıqları dəyişmək çətin olacaq”.
Qulamhüseyn Əlibəyli əlavə edib ki, Zəngəzur dəhlizi daxil olmaqla 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşmadakı öhdəliklərin yerinə yetirilməsini müəyyən qədər uzada, ləngidə bilərlər: “Əslində indiyə qədər bunu Ermənistanın əli ilə ləngidiblər. Rusiya dəfələrlə elan edib ki, Zəngəzur dəhlizinin açılmasına tərəfdardır. Bu, Rusiya üçün əslində daha cəlbedicidir. Lakin bəzən Rusiyanın geosiyasi maraqları başqa niyyətləri, hətta özünə sərf edən variantları belə üstələyə bilir. Bunun dəfələrlə şahidi olmuşuq. Amma mən hesab edirəm ki, indi bizim bölgəmizdə yaranan yeni reallıqları dəyişmək imkanı yoxdur”.