Rusiya Prezidenti Vladimir Putinin ölkənin hərbi bürokratiyası ilə ilk dəfə pilotsuz təyyarələri müzakirə etmək üçün xüsusi görüş keçirməsi müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, “Moskovski Komsomolets” qəzeti generallarla görüşün Türkiyədə istehsal olunan PUA-ların Ukrayna tərəfindən Donbasda separatçılara qarşı istifadə edilməsindən sonra planlaşdırıldığına diqqət çəkib.
Bunu “Türkiyə ilə rəqabət” kimi qələmə verən qəzet Rusiyanın siyasi elitasının hərəkətə gətirməsinə zəmin yaradan amillərdən birinin Qırğızıstanın da türk dronları almaq niyyəti ilə bağlı olduğunu bildirib. Nəşr Azərbaycanın artıq türk PUA-larından istifadə etdiyini, Türkmənistanın da buna ciddi maraq göstərdiyini qeyd edib.
Qəzet Rusiyanın ətrafındakı 10 keçmiş sovet respublikasından 4-nün indi və ya yaxın gələcəkdə bu silahlara sahib olacağını yazıb.
Prezident Vladimir Putin məlum görüşdə Türkiyənin adını çəkmədən bunları deyib: “Pilotsuz uçuş aparatları Suriya müharibəsi kontekstində özünü sübut edib, amma Rusiya ordusu bu vasitələrə qarşı özünü müdafiə etməyi öyrəndi”.
Dövlət başçısı Rusiya ordusunda hazırda 2000 PUA-nın olduğunu iddia edib. Amma bunlardan neçəsinin hücum dronu olması barədə məlumat verməyib. Bununla belə Putin deyib ki, Rusiya dronları ən son texnologiyalar və süni intellektlə mükəmməlləşdirmək üçün çox işləməlidir.
Qəzet vurğulayıb ki, Türkiyənin keçmiş sovet ölkələrinə ixrac etdiyi PUA-ların sayı 154-dür.