Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.comun suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Hicran xanım, 8 Noyabrın Azərbaycan xalqının milli dövlətçilik və mübarizə tarixindəki yerini necə qiymətləndirirsiniz?
- Xalqımız Vətən Müharibəsinin birinci ildönümünü böyük qürurla qeyd edir. Bu, çox əzəmətli və tarixi hadisədir. Azərbaycan haqq mübarizəsində qalib gələrək, uzunmüddətli işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah, yüksək əzmlə torpaqlarımızı düşməndən azad etdi. Vətən müharibəsinin ən böyük və qürurverici döyüşlərindən biri də məhz Şuşa uğrunda oldu. Cəsur Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə yaralı, şəhid qardaşını çiyninə alıb, sıldırımları dırmaşaraq tarixi şəhərimizi düşməndən azad etdi. Qalib Azərbaycan əsgəri ermənilərin özləri haqqında illərdir uydurduğu bütün mifləri alt-üst etdi. Ona görə də, bu gün başımız dik, alnımız açıqdır. Çünki xalqımıza qarşı edilən tarixi ədalətsizliyə və haqsızlığa layiqli cavab verildi. Ordumuz döyüş meydanında Xocalı soyqırımının, minlərlə günahsız soydaşlarımızın qisasını aldı və tarixi ədalətsizliyə son qoydu. Tarixi qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromuna son qoydu. Xalqımızın inamı özünə qayıtdı.
Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmaq fikrində olmayıb. Sözsüz ki, bu şanlı Qələbəni bizə yaşatdıqları üçün şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə tezliklə sağalmalarını arzu edirik. 44 günlük Vətən Müharibəsi həm də xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Dinindən, dilindən, milli və siyasi kimliyindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların təmsilçiləri bu tarixi mübarizəyə öz töhfəsini verdi. Bu, xalqımızın birliyinin ən bariz nümunəsi idi. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbirlə “Vətən sag olsun!” dedilər. Bir daha nümayiş olundu ki, biz xalq olaraq torpağımız uğrunda mübarizə aparmağa, qalib gəlməyə, şəhid olmağa hazırıq. Ana şəhid olan oğlunun gözündən öpüb, “şəhidliyin mübarəkdir” deyir, qadın öz şəhid olmuş həyat yoldaşının cənazəsini çiyninə alıb son mənzilə yola salır, övlad atası ilə fəxr etdiyini deyir. Düşmən evini dağıdır, ailəsi raket zərbəsi ilə həlak olur amma yenə də “Vətən sağ olsun!”, “Əsgərimiz sağ olsun!” deyir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən vurğuladı ki, Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bütün bunlar bizim xalq olaraq sarsılmazlığımızı, haqlı mübarizəmizə uşaqdan-böyüyə hər birimizin qoşula biləcəyimizi göstərdi.
- Tarixi Qələbəyə aparan yolun xronologiyasını necə şərh etmək olar?
- Vətən Müharibəsi 44 gün çəkdi. Amma qələbənin yolu daha uzaqdan başlayırdı. Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan dünyada qüdrətli bir dövlətə çevrildi. Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident prezident Mehriban xanım Əliyeva ilə birlikdə ölkəmizin nüfuzu günü gündən artdı, Azərbaycan dünyada inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir dövlət kimi tanındı. Sözsüz ki, ölkəmizin iqtisadi imkanlarının artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi istiqamətində də zəruri və prinsipial addımlar atıldı, proqramlar icra edildi. Bütün bu addımlar Azərbaycanı hər gün bu müqəddəs mübarizəyə yaxınlaşdırırdı. Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan Ordumuz bu tarixi vəzifənin öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, qüdrətli ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ən başlıca amilə çevrildi. Ermənistan və havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik, siyasi təzyiqlərin olmasına baxmayaraq Ali Baş Komandanın qətiyyəti sayəsində ölkəmizə qarşı olan bütün bu həmlələr boşa çıxdı. Düşmən və himayədarlarının işğala, tədricən Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsinə əsaslanan bu mənfur “planları” alt-üst oldu.
- Regionda yaranmış yeni reallığın şərtlərinin diktə etdiyi ictimai-siyasi konfiqurasiyanın əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bölgədə Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq arenada mövqeləri möhkəmlənib. Dövlətimizin 30 il ərzində pozulmuş ərazi bütövlüyü, suverenliyi bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarımza uyğun həyata keçirilir. Prezidentin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb. Həyata keçirilən dövlət siyasətinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanıb. Bu gün artıq məcburi köçkünlərimiz yoxdur, onlar tezliklə doğma ata-baba yurdlarına dönmək ərəfəsindədir. Sosial Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, respondentlərin mütləq əksəriyyəti, 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Qayıtmaqla bağlı planlar gənclər arasında da geniş yayılıb. Gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı düşünür. Nəticələr əksər məcbur köçkün ailələrində qayıdış planının olduğunu göstərir. Bu insanlar 30 ilə yaxındır ki, evlərinin açarlarını, sənədlərini saxlayırdılar. Azad edilmiş kənd, qəsəbə və şəhərlərimizin düşmən tərəfindən xarabaya çevrilməsini, mədəni, tarixi, dini irsimizin və abidələrimizin dağıdıldığını, təhqir edildiyini görəndə çox kədərlənirik. Prezident İlham Əliyevin vurğuladığı kimi “onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burada, öz doğma torpaqlarımızda, bütün buraları yenidən bərpa edəcəyik”. Artıq işğaldan azad edilmiş bütün ərazilərimizdə bərpa-quruculuq işləri böyük həcmdə davam edir. Tezliklə erməni işğalından azad edilən ərazilərimizə əvvəlki həyat qayıdacaq. Qısa müddətdə həmin ərazilərdə yol, işıq, su və digər infrastrukturun qurulması, “Xarıbülbül” festivalı, “Vaqif” poeziya günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı ölkəmizin gücünün, siyasi iradəsinin, iqtisadi imkanlarının göstəricisi hesab olunur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməl qoyma mərasimləri, şəhərlərin baş planın hazırlanması, Heydər Əliyev Fondunun ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni-dini irsimizi yenidən bərpa edilməsi təqdirəlayiq haldır. Ölkə başçısının ardıcıl olaraq Ağdam, Tərtər, Cəbrayıl, Xocəvənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonlarına səfəri, ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlər böyük ruh yüksəkliyi ilə qarşılanıb.
- 30 ilə yaxın mövcud olmuş bir münaqişənin bitməsinin bir çoxları üçün narahatlıqla qarşılanması necə izah oluna bilər?
- Əfsuslar olsun ki, Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən qüvvələr var. Bir sıra xarici dövlətlər, bəzi beynəlxalq təşkilatlar, ermənilərə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürürlər. Çünki onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasını istəmirlər. Azərbaycana qarşı ikili standartlara əsaslanan yanaşmalar mövcuddur. Amma bütün dünyaya da bəllidir ki, “Dağlıq Qarabağ” münaqişəsi başa çatıb. Artıq belə bir inzibati ərazi vahidi mövcud deyil. Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında da “Dağlıq Qarabağ” ifadəsinin artıq olmadığını bildirdi. Vurğulandı ki, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. 30 ilə yaxın BMT Qətnamələrinin həyata keçirilməsi ilə bağlı konkret mövqe göstərməyənlərin indiki “fəallığı” heç bir əhəmiyyətə malik deyil. Bütün bunların Azərbaycan xalqı və dövləti üçün heç mənası yoxdur. Hazırda Azərbaycan xalqı öz tarixinin ən şərəfli dövrünün yaratdığı qürurlu günü yaşayır. Bu şərəfli tarix xalqımızın milli birliyi, Ordumuzun Rəşadəti, Ali Baş Komandanın qətiyyəti sayəsində yazılıb. 30 ilə yaxın düşmən tapdağında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Bir daha xalqımızı bu müqəddəs, şərəfli Qələbə günü münasibətilə təbrik edir, şəhidlərimizi dərin ehtiramla yad edir, yaralılarımıza Allahdan şəfa diləyirəm. Vətən Müharibəsində iştirak etmiş bütün əsgər və zabitlərimizə uğurlar, can sağlığı, xalqımıza firavanlıq, xoşbəxtlik arzulayıram. Zəfər günümüz mübarək olsun!