“Rusiya Ermənistan-Azərbaycan sərhədindəki münaqişə tərəflərini təmkinli olmağa çağırır və üçtərəfli razılaşmalara əməl olunmasının tərəfdarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də dünən sərhəddə hərbi əməliyyatların yenidən başlaması ciddi narahatlığa səbəb olan amildir, amma Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinliyə çağırmaq mümkün oldu”, - Peskov bildirib.
Peskov Rusiya tərəfinin vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb:
“Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaları yerinə yetirməkdir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə öz öhdəliklərinə əməl etməlidirlər və bu, bu cür hadisələrin yenidən baş verməməsi üçün zəmanət olacaq”.
Peskov onu da qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü müəyyən mərhələdə zəruri olacaq, amma bunun üçün bütün tərəflərin razılığı lazımdır:
“Əlbəttə, hansısa mərhələdə belə təmaslar zəruri olacaq, amma bunun mümkün olması üçün üç tərəfin razılığı və buna hazır olması lazımdır”.
Azərbaycan dəfələrlə üçtərəfli bəyanatları yerinə yetirməyə hazır olduğunu bəyan etsə də, Ermənistan tərəfi müəyyən bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin dəqiqləşdirilməsi məsələsinin həllinə yaxın durmayan Ermənistan rəhbərliyinin son təxribatçı addımları sərhəddə qarşıdurmaya səbəb olub.