“Rusiyanın mövqeyi konstruktiv deyil, belə təxribatlarda maraqlıdır. Putin son qarşıdurmadan sonra açıqlama verdi və bildirdi ki, gərginlik təkcə Qarabağda yox, həm də Ermənistan-Azərbaycan sərhədində baş verir, buna görə də Rusiya sülhməramlı kontingetinə tələbat var. Burada Putinin maraqları üzə çıxır. Görünən budur ki, Putin sülhməramlılar adı altında Rusiya qoşunlarını Ermənistan-Azərbaycan sərhədində də yerləşdirmək istəyir”.
Ağ partiyanın başqanı Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qarabağdan sonra gərginlik Ermənistan-Azərbaycan sərhədinə keçdi. Sizcə, baş verənlər təkcə sərhədlərdəki qeyri-müəyyənliklə bağlıdır, yoxsa aranı qarışdıran başqa əllər var?
- Düşünürəm ki, hər iki amil var. Azərbaycan sərhədlərin müəyyənləşdirilməsində öz iradəsini və mövqeyini ortaya qoyur. Amma inanmıram ki, Azərbaycan bunun üçün qarşıdurmanı yaradan ilk tərəfdir. Çünki Azərbaycan yekun sülh müqaviləsinin bağlanmasından danışır, sülhün şərtləri və kompromislərdən söz açır. Təbii ki, sərhədlərin müəyyənləşməsi də Azərbaycanın prioritetlərindən biridir.
Amma sərhəd xəttindəki son hücumu Azərbaycan təşkil etməyib. Sadəcə olaraq, Azərbaycan bu xətlərin qorunması və ermənilərin yeni mövqelər ələ keçirmək cəhdlərinə cavab olaraq, öncəliyici addımlar atır. Yəni müdafiə olunur.
Ermənistanın davranışlarından isə görünən budur ki, belə təxribatlar sərhədlərin müəyyənləşdirilməsinə yox, daxili auditoriyaya hesablanmış addımlardır. Görünən budur ki, Paşinyan Ermənistan ordusuna nəzarəti itirir. Əminəm ki, son təxribat əmrini Paşinyan verməyib, bunun ordu daxilində ona tabe olmayan, kənara tabe olan hərbçilər edib. Erməni ordusunda belə fiqurların sayı kifayət qədərdir. Təkcə kənara yox, həm də Köçəryana və “Qarabağ klanı”na bağlı olan yüksək rütbəli zabitlər var.
Rusiyanın mövqeyi də konstruktiv deyil, belə təxribatlarda maraqlıdır. Putin son qarşıdurmadan sonra açıqlama verdi və bildirdi ki, gərginlik təkcə Qarabağda yox, həm də Ermənistan-Azərbaycan sərhədində baş verir, buna görə də Rusiya sülhməramlı kontingetinə tələbat var. Burada Putinin maraqları üzə çıxır. Görünən budur ki, Putin sülhməramlılar adı altında Rusiya qoşunlarını Ermənistan-Azərbaycan sərhədində də yerləşdirmək istəyir.
- Putinin bu mesajı həm də o deməkdirmi ki, Rusiya hərbi qüvvələri bölgəyə uzunmüddətli gəlib və bunu təmin etmək üçün qızışdırıcı addımlar davamlı olacaq?
- Heç kimə sirr deyil ki, həm Moskva, həm də İrəvan rus sülhməramlılarının uzun müddət Azərbaycan ərazilərində qalmasını istəyir. Buna zəmin yaratmaq üçün də müxtəlif addımlar atırlar. Təbii ki, burada psixoloji çalarlarla yanaşı, bu kimi yeni təxribatçı addımların atılacağı eyhamları da var.
Azərbaycan konkret mövqe ortaya qoymalıdır. Bildirməliyik ki, biz lap hər gün Ermənistanla müharibə edəcəyik, bunun sənə heç bir aidiyyəti yoxdur. Başa düşmürəm, Rusiya kimdir: bu bölgənin ağasıdırmı, böyüyüdürmü, patronudurmu? Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın Rusiyaya heç bir dəxli yoxdur. Sanki Rusiya dünyaya sübut etməyə çalışır ki, mən olmasam, onlar bir-birini qırarlar. Bizim də mesajımız bu olmalıdır ki, bir-birimizi qırdıq-qırmadıq, bunun sənə heç bir aidiyyəti yoxdur.
Rusiya bəhanələrlə burada daimi qalmaq istəyir. Orada rus şəxsiyyətlərinə büstlərin və rus əsgərinə heykəlin qoyulması, kilsənin tikilməsi, sülhməramlı kontingetin uzun müddət qalmasına hesablanmış şəraitin yaradılması – bunların hamısı cəmiyyətimizə o mesajları ötürür ki, buradan uzun müddət çıxmayacaqlar, hətta həmişəlik qalmağa çalışacaqlar.
Azərbaycan adekvat addım atmalıdır. Hətta sülhməramlıların nəinki uzun müddətdən sonra, beş ildən də tez çıxarılmasını təmin etməlidir. Çünki Rusiya sülhməramlıları bu qısa müddətdə sübut etdilər ki, sülhün yox, ermənilərin mövqeyində dayanıblar. Həm öz maraqlarını güdürlər, həm də Ermənistanın maraqlarının güclənməsinə xidmət edirlər. Əgər onlar buradakı varlıqlarını qorusalar maraqları nəzərə alınmayan yeganə tərəf biz olacağıq.
Bir sözlə, Rusiya Abxaziya, Cənubi Osetiya, Krım, Donbas və Dnestryanı bölgədə olduğu kimi, Qarabağda da uzun müddət qalmağa çalışır.
Amma biz birmənalı olaraq deməliyik ki, burada baş verənlərin sənə dəxli yoxdur. Xocalıda soyqırım baş verəndə sən haradaydın? Kəlbəcərdə minlərlə Azərbaycan vətəndaşı itkin düşəndə, Melkonyan Kəlbəcəri boşaltmaq üçün iki saat vaxt verəndə sən haradaydın? Amma sən indi gəlib burada “sülhməramlı missiya” həyata keçirmək istəyindən danışırsan.
Hesab edirəm ki, Azərbaycan üçün əsas prioritet Rusiyanı oyundan çıxarmaq olmalıdır.
- Bəs gedişat nəyi deyir: Rusiya bölgədən çıxacaqmı?
- Gedişat onu göstərir ki, Rusiyanın bölgədə gələcəyi yoxdur. Hər sahədə Rusiyadan asılı olan Ermənistanda belə ondan narazılıq artır. Heç kimə sirr deyil ki, Ermənistanın bütün ipləri Rusiyanın əlindədir. Ermənistan Rusiyanın hesabına ayaqda qalır. Rusiyasız Ermənistan yox dərəcəsindədir. Amma İrəvanda Rusiya əleyhinə mitinqlər keçirilir, ermənilər ölkələrindəki rus bazasının çıxarılmasını, Moskvanın Ermənistanın daxili işlərinə qarışmamasını tələb edirlər. Yəni Ermənistanda Rusiya əleyhinə olan kifayət qədər qüvvə var. Paşinyanın özü də bu mövqedədir. Amma Paşinyan bunu açıq şəkildə dilinə gətirə bilmir.
Rusiya regionun digər dövləti Gürcüstandakı mövqelərini çoxdan itirib. Azərbaycanda da Ramiz Mehdiyev və onun klanının gedişindən və ya “5-ci kolon”un əli-qolu kəsiləndən sonra siyasi düşərgədə Rusiyaya münasibət dəyişdi. Rusiya görürük ki, burada da mövqelərini itirir və çıxacaq. Buna görə də, bölgədə qalmaq üçün hər yola baş vurur. Sonuncu addım da konfliktlərin tətiklənməsi və təxribatların törədilməsidir.
Bu baxımdan, baş verən son addımların təlimatının Paşinyan yox, Putin tərəfindən verildiyini düşünürəm. Döyüşlərin dayanmasından dərhal sonra verilən açıqlama da bunu sübut edir. Yəni dalaşan olmasa, ağsaqqala da ehtiyac olmayacaq.
Rusiya görsə ki, Ermənistan məğlubiyyətlə barışıb, Azərbaycanın qələbəsini tanıyır, onda burada bir işi qalmayacaq, beləliklə məğlub və qalib tərəf öz aralarında danışa biləcəklər. Buna görə də, Rusiya bölgədə qalmaq üçün münaqişənin uzanmasında maraqlıdır.
Rusiya nəinki buradan çıxacaq, dünyanın digər bölgələrindəki mövqelərini də itirməyə başlayıb.