“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla son toqquşmada 6 nəfərin adını açıqlasa da, onların sayı daha çoxdur”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr Ermənistanın hərbi-siyasi komandanlığının bir sıra faktları cəmiyyətdən gizlətdiyini yazıb:
“Noyabrın 16-da sərhəddə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən qarşıdurma haqda bu günlərdə müxtəlif şeylər yazılır. Amma bir çox suallara hələ cavab verilməyib. Məsələn, nəticədə nə qədər qurbanımız, nə qədər yaralı, əsir və ya itkinimiz var?
Dünən Ermənistan Müdafiə Nazirliyi həlak olan 6 hərbçinin adını açıqlasa da, əldə etdiyimiz məlumata görə, onların sayı daha çoxdur, əlaqənin kəsildiyi və ya itkin düşən 20-dən çox hərbçidən söhbət getdiyindən onların sayının açıqlanacağı da istisna edilmir. Onların ölüb-qaldığı məlum deyil, ən azı cəsədləri üzə çıxmayana qədər itkin düşmüş hesab olunacaqlar”.
Nəşr bildirib ki, Ermənistan rəhbərliyi Silahlı Qüvvələrə Azərbaycan tərəfinə atəş açmamaq əmri verib:
“Nikol Paşinyan sonradan bunu təkzib etsə də, o, bir neçə gün əvvəl şəxsən özü əmr verdiyini demişdi. Hesab edirik ki, geri çəkilmək, demək olar, atəş açmamaqla eynidir”.