24 Noyabr 2021 19:38
1 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan 26 noyabrda Soçi şəhərində, 15 dekabrda isə Brüsseldə keçiriləcək görüşlərdən öncə sensassiyalı görünən bəyanatlar verib. O, Ermənistan ərazisindən çəkiləcək nəqliyyat dəhlizlərinin, həmçinin, Zəngəzur dəhlizinin əleyhinə çıxışlar edib. Öz fikrini belə əsaslandırıb ki, 9-10 noyabr 2020-ci ildə imzalanmış “üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur”. Paşinyanın bu çıxışları mahiyyətcə Soçi və Brüsseldə keçiriləcək görüşlərin ruhuna ziddir. Əgər kommunikasiyaların açılması mövzusu bəri başdan qapadılacaqsa, onda keçiriləcək görüşlərdə nədən danışılacaq?”.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli deyib.

Ekspert bildirib ki, şəbəkə KİV-ləri bu açıqlamaları “Paşinyanın cəsarətli addımları” kimi şərh edirlər, Bakıya qarşı “saymazyana” davrandığını deyirlər:

“Hətta irəli gedib Paşinyanın Bakı ilə yanaşı ”Moskvaya, Brüsselə dirsək göstərmək” gücündə olduğunu iddia edənlər də var. Reallıqda isə durum fərqlidir.

Paşinyanın çıxışlarında cəsarət yox, çaşqınlıq görünür. Qeyd edir ki, 9-10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatda “dəhliz” ifadəsi yoxdur. Əlbəttə, üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Əvəzində “maneəsiz hərəkət” ifadəsi yer alıb. Bu ifadə termin olaraq nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Yaxud Paşinyan iddia edir ki, “dəhliz” ifadəsi Laçın dəhlizinə münasibətdə işlədilib. Yaddan çıxarır ki, “Laçın dəhlizi” ifadəsinin yanında “maneəsiz hərəkət” ifadəsi yoxdur.

Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq”.

Müşfiq Ələsgərli vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması digər ölkələrlə yanaşı, Ermənistanın öz maraqlarına xidmət edəcək:

“Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda, Naxçıvanın Türkiyə və İranla sərhədi var. Ermənistanın isə bu imkanları yoxdur. Azərbaycan təkcə Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulmaqla bu ölkəni ciddi sıxıntılara saldı. İndi həmin postda Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum alınır. Paşinyanın iddia etdiyi Tatev yolu isə istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistanın özüdür.

Paşinyan öz çıxışnda daha bir çaşqın ifadə işlədir – “Azərbaycanı Ermənistana münasibətdə aqressiv davranmaqda”, “cəngəllik siyasəti yürütməkdə” ittiham edir. Əgər Azərbaycanın davranışlarının adı aqressiyadırsa, onda son 30 il müddətində Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir?

Bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də “Artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin “öz müqəddəratını təyinetmə statusu”na malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər