29 Noyabr 2021 20:13
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soçidə Paşinyana deyildi ki, burada bizim şərtlərimizi qəbul edirsən, Brüsseldə isə protokol görüşü olacaq”

Teleqraf.com politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Ötən həftə Soçidə üçtərəfli görüş baş tutdu, tərəflər siyasi bəyanatla çıxış etdi. Halbuki Soçi görüşünə qədər bölgədə gərginlik müşahidə olunurdu. Bu baxımdan Soçidə tərəflər arasında aparılan müzakirələri və qəbul edilən sənədi necə şərh etmək olar?

- Bəli, Soçi görüşündən bir ay əvvəl Moskvada görüşün keçiriləcəyi haqda xəbərlər yayılmışdı. Sonradan bu görüşün formatının video-konfrans şəklində olacağı deyilirdi. Amma məlum oldu ki, Ermənistan tərəfinin prosesi əngəlləməsi nəticəsində görüş baş tutmayıb. Elə o zaman belə məlumatlar yayıldıqdan sonra həm sülhməramlıların nəzarəti altındakı Azərbaycan ərazilərində, həm də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginlik yaşandı, erməni tərəfinin təxribatları oldu.

Konkret olaraq noyabrın 6-da Ermənistanın sabiq müdafiə nazirinin Xankəndinə təxribatçı səfəri, orada erməni hərbçiləri ilə görüşləri, onları təlimatlandırması, geri qayıtdıqdan sonra Qaragöl istiqamətində Azərbaycan postlarına gedən yolların bloklanması haqda göstərişlərin verilməsi və bundan sonra Kəlbəcər-Laçın istiqamətində gərgin anlar yaşanmasını müşahidə etdik. Nəticə olaraq 60-a yaxın erməni hərbçi mühasirəyə alınaraq ərazidən çıxarıldı, ardınca noyabrın 16-da ciddi qarşıdurma baş verdi, hərbi əməliyyatlar aparıldı. Hər iki tərəfdən itkilər oldu. Erməni tərəfinin itkiləri daha artıq oldu. Beləcə erməni tərəfinin təxribatları iflasa uğrayandan sonra vəziyyət nisbətən dəyişdi. Məlum oldu ki, Ermənistan əvvəlcədən müəyyən etdiyi proqram üzrə prosesin üçtərəfli formatda getməsinə qarşı çıxır, xarici qüvvələrin, o cümlədən Minsk Qrupunun prosesə qatılmasına çalışır. Hərbi əməliyyatların getdiyi zaman Ermənistan Təhlükəsizlik Şurası tərəfindən “Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya prosesə müdaxilə etməsə, digər beynəlxalq müttəfiqlərə üz tutacağıq” səpkili bəyanat verildi. Sonradan isə bəlli oldu ki, Ermənistan baş nazirinin təşəbbüsü və xahişi ilə Avropa İttifaqının rəhbəri Şarl Mişel dekabrın 15-də tərəflərin Brüsseldə görüşünə dair razılıq əldə edilib.Təbii ki, Ermənistanın bu davranışları Moskvanı qane etmədi. Kreml dərhal prosesə müdaxilə etdi və noyabrın 26-da Soçidə üçtrəfli görüş baş tutdu.

Soçi görüşündən gözləntilər nə idi və nələr əldə olundu? Sözsüz ki, bu görüşdən əvvəl, Valday Klubunun toplantısında Rusiya lideri Putinin dili ilə üçtərəfli görüş zamanı hansı məsələlərin müzakirə edilə biləcəyinə dair mesaj verilmişdi. Bunlar konkret olaraq kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiya prosesinin aparılması ilə bağlı idi. Rusiyanın da bu prosesdə fəal iştirak etməsi gözlənilən idi. Yəni belə mesajlar verilmişdi.

- Nəticəni necə qiymətləndirmək olar?

- Konkret olaraq Soçi görüşünə gəldikdə əlbəttə, orada maraqlı məqamlar var. Həm görüşdən əvvəl, həm də sonra dövlət başçıları tərəfindən verilən bəyanatlar, eləcə də imzalanan sənədə diqqət etsək görərik ki, ciddi müzakirələr aparılıb. Yəni Prezident Əliyevin dediyi kimi açıq söhbət olub. İlk olaraq vurğulanan məqam odur ki, tərəflər bir daha 10 noyabr və 11 yanvarda əldə olunan razılaşmanın şərtlərinə sadiq qaldıqlarını bəyan edir, bu öhdəliklərinin yerinə yetirilməsi üçün aktivləşməni zəruri sayırlar. Əlbəttə, bu, vacib məqamdır. Aydındır ki, Azərbaycan tərəfi 10 noyabr sazişinin bütün maddələrinin yerinə yetirilməsini tələb etməlidir və edir də. Ermənistan isə mümkün qədər prosesi uzatmağa, kənar aktyorları prosesə qatmaqla bir növ üzərinə götürdüyü öhdəlikləri yumşaltmaq və ya bəzilərinin öhdəliklərdən çıxarmasına çalışırdı. Müəyyən qədər vaxt əldə etmək və itirdiklərinin bir hissəsini geri qaytarmağa ümid edirdi. Biz bunu Paşinyanın son mətbuat konfransında da gördük. Paşinyan Zəngəzur dəhlizi haqqında çıxış edərkən bildirdi ki, Naxçıvanla Azərbaycanı əlaqələndirəcək hansı yolun qurulması haqda qərarı Ermənistan verəcək. Halbuki bu avantürist bəyanat idi və üçtərəfli razılaşmada açıq qeyd edilirdi ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək yol Mehri yoludur. Üstəlik bunu təmin etməyi də İrəvan üzərinə öhdəlik kimi götürüb. Bu mənada Soçi görüşündə tərəflərin 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq qalması haqda mövqe Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir.

İkincisi, Prezident Putinin dilindən sülh müqaviləsi, delimitasiya, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması haqda fikirlərin səsləndirilməsi müsbət qiymətləndirilməlidir.

Əslində Azərbaycan tərəfi bu məqamlarla bağlı xeyli müddət idi ki, Ermənistan tərəfə çağırışlar edirdi. Ermənistan isə mümkün qədər prosesi uzatmağa çalışırdı. Soçi görüşünün ən əhəmiyyətli tərəfi odur ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını, bu istiqamətdə işləyəcəyini elan etdi. Başqa sözlə, Soçi görüşü və verilən bəyanat artıq Ermənistanın sağa-sola vurnuxması, manevrlər etməsini məhdudlaşdırır.

Nəticə olaraq Azərbaycan tərəfi Soçidə qarşısına qoyduğu məqsədlərə nail oldu. Əlbəttə, bəzi məqamlarla bağlı bizim narahatçılığımız və qayğılarımız var. Bunlar konkret olaraq 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq Ermənistan ordu qalıqlarının Xankəndidən çıxarılmasıdır. Bu hələ baş verməyib. Sülhməramlıların davranışları, habelə kommunikasiyaların açılmasına dair bəzi suallar qalırdı. Həmçinin keçmiş Dağlıq Qarababağ Muxtar Vilayətində yaşayan bizim köçkün vətəndaşların geri qaytarılmasına dair qayğılarımız var idi. Əlbəttə, Soçi görüşünün mətbuata qapalı hissəsinə dair məlumatımız olmasa da, hansı məsələlərin müzakirə edildiyini təxmin edirik. Həm Azərbaycan dövlət başçısı, həm də Rusiya prezidenti bütün məsələlərin müzakirə edildiyini qeyd etdi. Şübhə yoxdur ki, bizim sadaladığımız məqamları da qaldırıb. Mümkündür ki, vəziyyətə uyğun olaraq bu mərhələdə atıla biləcək addımlar önə çıxarılıb ki, bunların başında kommunikasiya xətlərinin açılamsı, sərhədlərin delimitasiyası, eləcədə sülh müqaviləsinin imzalanması və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Məncə, bu əhəmiyyətli məqam kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfinin istədiyi bir sıra məqamlar Soçi sənədində ehtiva olundu. Yəni bunu əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar.

- 10 noyabr və 11 yanvarda da Ermənistan üzərinə öhdəlik götürmüşdü, amma gördük ki, İrəvan bu işlərin baş tutmaması üçün əlindən gələni edir. Soçi görüşündə əldə edilən razılaşamaların İrəvan tərəfindən pozulmayacağına qarantiya varmı?

- Aydındır ki, Ermənistan köhnə peşəsindən əl çəkməyəcək, mümkün qədər manevrlər etməyə çalışacaq. Amma limit də dolmaq üzrədir. Ötən ilin noyabrında əldə olunan razılaşmadan sonra Ermənistandakı ümumi-daxili gərginlik, sonrakı mərhələdə seçkilərin keçirilməsi əslində Paşinyan komandasının əlinə prosesi uzatmaqla bağlı müəyyən bəhanələr verirdi. Amma indi bu keçmişdə qalıb və mənə elə gəlir ki, burada Azərbaycanla yanaşı Rusiyanın da səbri tükənir. Ermənistanın vurnuxmaları, formatı dəyişmək cəhdləri, regiona kənar oyunçuları cəlb etmək istəyi Rusiya tərəfindən müsbət qarşılanmır. Bu, Putinin davranışları və görüşdə səsləndirdiyi fikirdən də sezilirdi.

- Hansı fikirləri nəzərdə tutursunuz?

- Putin bildirdi ki, Brüsseldə də görüş olacaq, mən Avropa İttifaqının Şura sədri ilə də bu mövzuda danışmışam. Əslində Paşinyana demək istəyirdi ki, burada bizim şərtlərimizi qəbul edib ora gedəcəksən və oradakı protokol görüşüdür. Çünki Avropa Birliyi proseslərdə əvvəlki illərdə də aktiv rol almayıb və təsir imkanları da çox cüzidir. O baxımdan Ermənistanın manevr imkanları xeyli daralıb. Məsələ budur. Yəni Ermənistan ənənəvi siyasətini davam etdirib prosesi uzatmağa çalışsa da, bu, onun üçün daha pis olacaq. 10 noyabr razılaşmasından və 11 yanvar görüşündən sonra Paşinyanın prosesi ləngitmək üçün bəhanələri var idi. Amma Soçidə bir daha bəyan olunur ki, tərəflər üzərinə götürdüyü öhdəliklərə sadiqdir və onun həyata keçirilməsi üçün fəal işləyəcək. Başqa sözlə, imkanları məhdudlaşıb. Bəli, son 30 ildə və ondan sonra biz gördük ki, ermənilər ənənəvi olaraq prosesi uzatmaq və mümkün qədər vaxt əldə edərək uyğun şərlət əldə etməyə çalışıb. Amma indi bu imkanlar xeyli dərəcədə məhdudlaşıb.

- Regionda yenidən ermənilərin gərginlik yaradacağını gözləyirsinizmi?

- Belə ehtimallar hər zaman var. Biz bunu arzulamasaq da, istisna edə bilmərik. Bizim üçün vacibdir ki, əldə olunan razılaşmalara riayət edilsin. Aydındır ki, Ermənistanda hər şeyə tam nəzarət edən hakimiyyət yoxdur. Bəlkə də özləri bunda maraqlıdır ki, vəziyyəti başqa qrupların üzərinə ata bilsinlər. Eyni zamanda erməni ordusu içərisində də “Qarabağ klanı”na bağlı və Paşinyanı sevməyən qruplar var. Onlar da təxribat edə bilər. Bu mənada kiçik insidentlər istisna deyil.

- Soçi görüşü delimitasiya və demarkasiya işlərinin başlanması üçün konkret zaman müəyyən edirmi?

- Ən azından Putinin dilindən səsləndi ki, gələn həftə kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiya Moskvada toplaşacaq. Onların qarşısına konkret vəzifə qoyuldu ki, gələn ayın sonuna qədər təkliflər işləyib hazırlasın. Bundan başqa, sərhədlərin delimitasiya və demarkasiyasına dair komissiyanın yaradılması məsələsi qoyuldu. Bu baxımdan proseslərin bundan sonra intensivləşməsini müşahidə edəcəyik. Bir daha qeyd edim, Soçi görüşündə hiss edildi ki, Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiya xətlərinin açılması Azərbaycan kimi Rusiyanın da prioritetləri sırasında yer alır. Məncə, proses əvvəlki dövrlə müqayisədə daha intensiv gedəcək. Üstəlik Cənubi Qafqazda əsas oyunçular olan Azərbaycan və Türkiyənin də mövqeyi ondan ibarətdir ki, qısa müddətdə kommunikasiya xətləri açılsın. Azərbaycan tərəfi artıq Horadizdən Ağbəndə gedən dəmir və avtomobil yolların çəkilişi ilə əlaqədar böyük işlər görür. Bizim işlərimiz başa çatana qədər Zəngəzur dəhlizi məsələsi də həllini tapmalıdır.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər