30 Noyabr 2021 19:38
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Soçidəki siyasi, diplomatik uğurun ardınca Brüsseldə hansı məsələlər gündəmdə ola bilər. Gözləntilər nədən ibarətdir?

- Bu cür görüşlərin bundan sonra daha çox olacağı gözlənilir. Çünki Azərbaycanın yaratmış olduğu yeni bir reallıq var. Məhz bu real situasiyanın illər keçdikcə gücü, təsirləri daha qabarıq şəkildə özünü göstərəcək. Bu yalnız Azərbaycanla Ermənistan arasında olan məsələlərlə bağlı görüş deyil. Eyni zamanda bu görüş regiona, dünyaya təsir edəcək bir məsələdir. Ona görə ki, Azərbaycanın beynəlxalq qanunu bərpa etməsi bu gün gündəmdədir. Bu həmçinin dünya gündəmində də vacib məsələlərdən biridir.

- Avropa İttifaqının prosesə təsirləri nə dərəcədə effektivdir?

- Sözsüz ki, Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq bu görüşün əhəmiyyəti olduqca böyükdür.

Avropa İtiifaqı Ermənistana müəyyən məsələlərin real izahını edə bilər. Çünki Aİ-nin Ermənistan hakimiyyəti ilə indiki əlaqələri buna imkan verir. Eyni zamanda erməni diaspor təşkilatları da bu məsələdə Avropa üçün mühüm təsir elementlərini özündə saxlamış olur. Avropa məkanında Ş.Mişelin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində belə bir görüşü təşkil etməsi Azərbaycan üçün çox faydalı olacaq. Bununla Azərbaycan Ermənistan arasında olan məsələlər bir daha beynəlxalq səviyyədə gündəmə gəlir. Bu o deməkdir ki, Azərbaycanın təqdim etdiyi gündəlik burada da öz əksini tapacaq. Çünki Azərbaycanın təqdim etdiyi gündəlik yalnız bir ölkənin maraqlarına xidmət etmir. Bu, beynəlxalq qanunun tələbidir. Söhbət burada Azərbaycanla Ermənistan arasında olacaq sülh müqaviləsindən gedir. Paralel olaraq delimitasiya və demarkasiya məsələləri, kommunikasiya xətlərinin açılması gündəmdə olacaq.

- Prosesin irəliyə getməsi üçün başlıca şərt nədən ibarətdir?

- Bu prinsiplərin icrası üçün Ermənistanın masa arxasında oturub delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamalıdır. Həmçinin sülh müqaviləsinin imzalanması, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı tərəddüdlərdən imtina etməsi da başlıca şərt kimi qəbul edilir.

- Təkcə bu üç prinsip?

- Bəli, burada üç mühüm prinsip təmin olunmalıdır. Sözsüz ki, 4-cü tələb odur ki, Ermənistandakı revanşist, şovinist çıxışlara son qoyulmasıdır. Son görüşlərdə dövlət başçısı da açıq şəkildə bildirib ki, Azərbaycan qonşu kimi yaşamaq niyyətini ortaya qoyub. Azərbaycan birmənalı olaraq sülh istəyir. Bu gün Azərbaycanının sərgilədiyi mövqe sülhə əsaslanır. Bunun əksinə olaraq Ermənistan isə revanşizmi, provakasiyanı təbliğ edir. Sözsüz ki, bunlar da aradan götürülməlidir. Məhz bundan sonra danışıqlar üçün də münbit bir vəziyyət yarana bilər.

- Soçidən sonra belə bir görüşün effektivliyi nə dərəcədə realdır?

- Erməni tərəfi Soçi görüşündə Azərbaycanın prinsiplərini qəbul etməkdən başqa seçimi qalmayıb. Brüsseldə də bu istiqamətdə bir xətt müşahidə ediləcək. İstiqamət müəyyənləşib, nə lazım olduğunu hər kəs bilir. Ona görə də Brüsseldə belə bir görüşün keçirilməsi də özündə zəruri prinsipləri ehtiva edir.

- Bəs sülh razılaşmasının yaxın dönəmdə imzalanması mümkündür?

- İki ölkə sərhədlərin delimitasiya, demarkasiyası özü geniş və əhatəli yəni, böyük sülh sazişinin imzalanmasına əsas yaradan amillərdəndir. Proseslər də bu istiqamətdə mütləq ki, getməlidir. Nəhayət ki, bu məsələ həllini tapmalıdır ki, regionda normal inkişaf olsun. Çünki delimitasiya və demarkasiya iki dövlət arasında vacib bir hal kimi qəbul edilir. Bunun ardınca isə kommunikasiyaların açılması labüddür. Amma gələcəyə yönəlmiş addımlarda sülh müqaviləsinin imzalanması başlıca faktordur. Sülh müqaviləsi də ancaq formal xarakter daşımamalıdır. Bu da qarşılıqlı olaraq ərazi bütövlüklərinin tanınmasından ibarətdir. Bu məsələlər həll olunduqdan sonra başqa məsələlərdən də danışmaq olar. Bunun əksinə olacaq bütün məsələlər Ermənistanın ziyanına olan hallardır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər