3 Dekabr 2021 09:41
10 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Soçi görüşünə qədər proseslərin uzadılması xəttini tutmuşdu, bu, açıq-aydın görünürdü. Elə ki Qərb prosesə müdaxilə etdi, dekabrın 15-nə Brüsseldə görüş təyin olundu, Rusiya sanki yuxudan ayılmış kimi prosesləri sürətləndirməyə başladı. Nəticədə tələsik Soçi görüşünü təyin etdi. Əlbəttə, Soçi görüşünün nəticələrinin bizim üçün qənaətbəxş olduğu fikrindəyəm. Putin dedi ki, “Təkliflərimizi və xəritələri sizin sərəncamınıza veririk, öz aranızda razılaşın. Amma lazım bildiyiniz hallarda bizdən məsləhət ala bilərsiniz”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Soçidə üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan mətbuatında Şuşa ətrafındakı erməni bayraqlarının yığışdırılmasına dair məlumat yayılıb. Erməni mənbələri iddia edir ki, bu, Qarabağdakı erməni birləşmələrinin çıxarılmasının başlanğıcıdır. Siz bu haqda nə düşünürsünüz: Soçidə bu yöndə cəmiyyətə açıqlanmayan bir anlaşma əldə oluna bilərdimi?

- Zənnimcə, bu məsələ müzakirə edilib. Bu, 10 noyabr üçtərəfli anlaşmasının dördüncü bəndində yer alıb. Kifayət qədər ciddi və narahatlıq yaradan məsələdir. Söhbət 15 minə qədər erməni silahlı birləşmələrinin əsgərinin hələ də Azərbaycanın suveren ərazisində qalmasından gedir. Bu, anlaşmaların mahiyyətini pozan və bunları yararsız hala gətirə biləcək bir səbəbdir. Biz atəşkəsə ona görə razı olduq, müharibəni ona görə dayandırdıq ki, qalan ərazilər sülhməramlıların köməyi ilə boşaldılacaq və döyüşsüz təhvil verəcək. Bu proses Ağdam, Laçın və Kəlbəcərdə getdi, amma erməni silahlı qüvvələrinin digər ərazilərdən də çıxarılması tamamlanmadı.

Qarabağın dağlıq hissəsində belə birləşmələrin olduğunu ya danırlar, ya da bunu “Artsax özünümüdafiə qüvvələri” adlandırırlar. “Artsax”da insan qalıb ki, onun 15 minlik hərbi qüvvəsi olsun? Onların qondarma mədəniyyət naziri açıq şəkildə etiraf etdi ki, Azərbaycan ordusu gələndə Xankəndində cəmi 7 nəfər qalmışdı. İndi həmin birləşmələri başqa adlarla sırımağa çalışırlar. Amma bunlar uğursuz cəhdlərdir.

Ermənistanın bundan əvvəlki müdafiə naziri Karapetyanın bir dəstə əsgərlə Qaragöl ətrafına gəlməsi, orada “bu ərazilərin götürülməsi” ilə bağlı tapşırıq verməsi, Qarabağdakı separatçı birləşmələrə sıra baxışı keçirməsi və s. 16 noyabr təxribatına hazırlıq idi. Karapetyanın səfərindən sonra erməni qüvvələri Qaragöl ətrafında təxribata əl atsa da, onlar mühasirəyə düşdülər və sülhməramıların xahişi ilə buraxıldılar.

Rusiya Soçi görüşündə praqmatik görünsə də, 10 noyabr anlaşmasının bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyini vurğulasa da, bunun praktikada reallaşdırılmasını görmürük. Bu da gərginlik yaradan amillərdən biri ola bilər.

- Üçtərəfli görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin əminliklə bildirdi ki, işçi qrupu bölgədəki dəhlizlərin açılması ilə bağlı yaxın günlərdə konkret açıqlamlar verəcək. Amma dünən Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın iclasının keçirilməsinə baxmayaraq, belə bir açıqlama olmadı. Bu yöndə bizi nə gözləyir?

- Bəli, Putin dedi ki, işçi qrupu bu həftə görüşərək, konkret açıqlamalar verəcək. Bu mesaj da dəhlizlər və kommunikasiyaların açılması ilə bağlıydı. Hətta mətbuata sızıdırıldı ki, Rusiya Zəngəzur dəhlizində avtomobil yolunun tikintisi üçün hazırlığa başlayıb. Bu baxımdan, işçi qrupu bu həftənin sonuna qədər konkret açıqlamalar verməli idi. İndi açıqlama yoxdursa, demək, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Bu da Rusiyanın moderatorluq funksiyasına kölgə salan məqamdır. Çünki görüş Moskvada Rusiya baş nazirinin müavini Overçukun vasitəçiliyi ilə keçirilir. Bununla belə, bir nəticənin olacağı qənaətindəyəm.

Görünür, görüşün uzanmasının səbəbi Ermənistan tərəfinin qeyri-konstruktivliyi ilə bağlıdır. Ermənilər yenə də avantürist çağırışlar və pozucu fəaliyyətlərlə aranı qarışdırmağa çalışırlar, amma bu məsələyə münasibətdə nikbinəm ki, kommunikasiyaların açılması ilə bağlı Azərbaycan üçün məqbul varianta imza atılacaq.

- Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı də anlaşma var. Bəs bu məsələnin həlli nə qədər vaxt aparacaq: Rusiya bölgəyə təsirini saxlamaq üçün bu prosesi uzatmaq yolunu tuta bilərmi?

- Onsuz da, Rusiya Soçi görüşünə qədər proseslərin uzadılması xəttini tutmuşdu, bu, açıq-aydın görünürdü. Elə ki Qərb prosesə müdaxilə etdi, dekabrın 15-nə Brüsseldə görüş təyin olundu, Rusiya sanki yuxudan ayılmış kimi prosesləri sürətləndirməyə başladı. Nəticədə tələsik Soçi görüşünü təyin etdi. Əlbəttə, Soçi görüşünün nəticələrinin bizim üçün qənaətbəxş olduğu fikrindəyəm. Putin dedi ki, “Təkliflərimizi və xəritələri sizin sərəncamınıza veririk, öz aranızda razılaşın. Amma lazım bildiyiniz hallarda bizdən məsləhət ala bilərsiniz”.

Məncə, Rusiya düz edir ki, sərhədlərin müəyyənləşdirilməsini iki tərəfin öhdəliyinə buraxır. Çünki ermənilər bu məsələrlə bağlı müxtəlif iddialar ortaya ata bilərlər və atırlar. 16 noyabr təxribatı zamanı Ermənistan hərbi qüvvələrinin itki verərək geri çəkilməsi bu gün də orada müzakirə mövzusudur. Soçi görüşündən sonra isə bildirildi ki, Azərbaycan Silahlı Qüvvələri sərhədboyu ərazilərdə hansı mövqedə dayanıbsa, orada da qalacaq. Deyə bilərəm ki, Azərbaycan ordusu Şərqi Zəngəzur, Laçın və Kəlbəcər rayonları istiqamətində sərhədlərin delimitasiyasını uğurla həyata keçirib. Bu əldə olunan xəritələrdəki sərhəd xətlərinə uyğun gəlir.

Ermənistan işğal dövründə öz sərhədlərini bəzi istiqamətlərdə 7, bəzi yerlərdə də 10 kilometrə qədər Azərbaycanın içinə doğru çəkmişdi. Azərbaycan cənubdan sıfır nöqtəsindən – Zəngilandan Kəlbəcərə qədər sərhədlərinin dədiqləşdirilməsinə nail olub. Amma Kəlbəcərdən başqa, Qazax istiqamətində problemlər var. Qazaxın 7 kəndi hələ də geri verilməyib, Naxçıvanın Kərki kəndi ilə bağlı məsələ qalır. Yeddi kənddən əlavə, Kremlin 1984-cü ildə qəbul etdiyi sərsəm qərara görə, 300 yüz min hektarlıq örüş və əkin sahəsinin Ermənistana verilməsinin üstündən çox keçməyib. Bu prosesin şahidləri indi də yaşayır. İndi biz bu 7 kənddən başqa həmin sahələri də geri tələb edə bilərik.

Təbii ki, sərhədlərin delimitasiya və demarkasiyası başa çatacaq, amma vaxt aparacaq. Çünki ermənilər hələ də iddia edirlər ki, guya Azərbaycan ordusu Ermənistanın suveren ərazisinə daxil olub. Azərbaycan ordusu beynəlxalq səviyyədə təsdiq olunmuş xəritələr əsasında öz sərhədlərini müəyyən edir. Azərbaycan ordusu ermənilərin 16 noyabr təxtibatından sonra bunu Şərqi Zəngəzurda həyata keçirdi. Ona qədər isə Kəlbəcərdə - Zülfüqarlı və Söyüdlü kəndləri istiqamətində ərazilərimizə daxil olmuş və qızılla zəngin olan hissələrdən də erməni birləşmələrinin çıxarılması və sərhədlərin bərpa edilməsi prosesi başa çatdırıldı.

Bu, vaxt aparan bir proses olmaqla yanaşı, sərhədlərin hansı xəritələr əsasında dəqiqləşdiriləcəyinin qərarlaşdırılması da mühüm əhəmiyyətə malikdir. Nə olur-olsun, biz bu məsələnin 1920-ci illərin əvvəllərinə aid hərbi-topoqrafik xəritələr əsasında həllinə nail olmalıyıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər