Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Portuqaliyanın xarici işlər üzrə dövlət naziri Augusto Santos Silva ilə görüşüb.
Bu barədə Teleqraf.com-aAzərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli əlaqələri müzakirə ediblər, xüsusilə iqtisadi sahədə münasibətlərin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə Avropa İttifaqı ilə və BMT çərçivəsində əməkdaşlıq məsələləri vurğulanıb.
Nazir Ceyhun Bayramov enerji sahəsində əməkdaşlığı qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu vurğulayıb. O, Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxunub. Bu xüsusda nazir azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu bildirib.
Azərbaycanın xarici işlər naziri bölgədə mövcud olan vəziyyət, üctərəfli bəyanatların icra edilməsi və kommunikasiya xətlərinin açılması məsələləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.