Bu ilin noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan siyasi liderlərinin Soçi görüşündə əldə edilmiş razılaşmalardan biri də onunla bağlı idi ki, iki dövlət arasında nəqliyyat kommunikasiyaların bərpası önəmlidir. Soçidə bu istiqamətdə mühüm razılaşmalar əldə edildi. Həmin razılaşmaların praktiki tətbiqi ilə bağlı üçtərəfli kommisiyanın növbəti həftədə görüşünün keçirilməsi barədə razılıq əldə edildi. Bu görüşdə də çox mühüm qərarların qəbulu gözlənilirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, üçtərəfli görüş çərçivəsində artıq Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı ciddi yanaşmaların ortaya qoyulacağı proqnozlaşdırılırdı: “Amma görünür ki, Ermənistan siyasi rəhbərliyi yenə də öz köhnə ampulasındadır. Manipulyasiya ilə məşğuldur və sözünün arxasında dayana bilmir. Erməni tərəfi bir tərəfdən nəqliyyat, kommunikasiya xətlərinin bərpasından danışır. Bu istiqamətdə üçtərəfli kommissiyanın fəaliyyətinə loyal münasibət bəsləyir. Digər tərəfdən isə bu işin pozulması istiqamətində addımlar atır”.
Millət vəkili hesab edir ki, Ermənistanın bu addımlarının 15 dekabrda keçiriləcək Brüssel görüşü ərəfəsində ortaya çıxması da təsadüfi deyil: “İndidən Paşinyana qarşı revanşist qüvvələr, Köçəryan-Sərkisyan tərəfindən ciddi təzyiqlər var. Onlar Paşinyanı ittiham edirlər ki, Soçidən sonra Brüsseldə də Ermənistanın mənafeyini ciddi şəkildə müdafiə edə bilməyəcək və təslimçi mövqedə dayanacaq. Xüsusilə də Moskvada üçtərəfli komissiyasının Zəngəzur dəhlizinin işə salınması ilə bağlı informasiyalar yayılırdı. Bununla da Paşinyana birbaşa təzyiq edilirdi. Bütün bu təzyiqlər Ermənistan siyasi rəhbərliyinin davranışına təsir edib. Bu səbəbdən də Moskva görüşü ilə bağlı ümidlər özünü doğrultmayıb”.