“Azərbaycan hökumətinin indiki formulasına əsasən, sərhədi əli silahlı şəkildə pozarkən tutduğumuz Ermənistan hərbçilərini onlara təhvil veririk, əvəzində hansısa mina xəritələrini alırıq. Bu, mina probleminin tam çözümünə aparmır”.
Teleqraf.com xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib.
Partiya sədri yeni təkliflə çıxış edib: “Mina partlayışlarında həyatını ya da sağlamlığını itirmiş hər şəxsə görə maddi təzminatın ödənilməsi iddiası ilə Ermənistana qarşı məhkəmə icraatları başlanılmaldır. Belə təzminatların ödənilməsi Ermənistan üzərinə müddətsiz öhdəlik kimi qoyulmalıdır. Daha bir azərbaycanlının minaya düşməsi xəbərinə hər dəfə o minanı basdırmış hansısa keçmiş işğalçı sevinəndə bilməlidir ki, Ermənistan büdcəsinə bu partlayış ciddi zərbədir.
Elə olarsa, İrəvandakı dövlət rəhbərliyi də özü əl-ayağa düşərək sistemli və ya fərdi təşəbbüslə basdırılan bütün minalar haqda məlumatları toplamağa və bizə göndərməyə başlayar”.