Tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövləti qoruyub saxlayan böyük şəxsiyyətlər olub. Onların sırasında Heydər Əliyev şəxsiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bu dahi insanın əbədiyyətə qovuşmasından keçən 18 il ərzində insanlar heç zaman onun yoxluğunu hiss etməyiblər. Özü bir neçə dəfə qeyd etmişdi ki, nə qədər Azərbaycan varsa, o da olacaq. O, həmişə deyirdi ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu fikirlər onun həyat fəlsəfəsi idi. Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. O bütün həyatını bu müqəddəs məqsədə həsr etmişdi.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, ümummilli liderin uzaq görən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real fundamentlər qoyulub: “Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə çevrildi”.
Komitə sədri bildirib ki, Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə ümummilli lideri xilaskar adlandırıb: “Bu tamamilə məntiqli və ədalətlidir. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan xilas oldu. Strateji məqsədlərə çatmaq üçün ölkəyə ulu öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı. İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində, qanunvericilik sahəsində də böyük islahatlar aparıldı. Onun sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu işdə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Xüsusi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu. Ulu öndərin qadın və uşaq hüquqularının qorunması sahəsində gördüyü işləri xüsusi ilə vuruğulamaq olar. İlk illər çətin dövrlər olmasına baxmayaraq qadın və uşaq hüquqları ilə bağlı bütün zəruri beynəlxalq konvensiyalara qoşulmaq üçün mühüm addımlar atıldı. BMT Uşaq Fondunun və Əhali Fondunun, eləcə də digər qurumların Azərbaycanla əməkdaşlığına şərait yaradırdı”.
Millət vəkilinə görə, Azərbaycan naminə yaşayan, mübarizə aparan bu görkəmli insan üçün ən vacib məsələ Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən torpaqlarımızın işğal olunması idi: “Qarabağla yanaşı, Onun daha bir mühüm strateji məqsədi var idi: bu Zəngəzur idi. Torpaqlarımızın işğal olunması, insanların öz doğma Vətənlərində məcburi köçkün düşməsinə baxmayaraq, Ulu Öndər Zəngəzur sözünü işlədirdi. Bu, onun uzaqgörənliyi idi. 29 il bundan əvvəl “Zəngəzur” İctimai Birliyi yaranır, onun ilk sədri Kamran Hüseynov olur. Və bu gün Zəngəzur artıq reallığa çevrilir. Bu gün Onun əziz ruhu şaddır. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Cənab İlham Əliyev həm güclü Prezident, müzəffər Ali Baş Komandan, ata vəsiyyətinə sadiq oğul kimi həm xalqına, həm də atasına verdiyi sözü yerinə yetirdi”.
Hicran Hüseynova vurğulayıb ki, möhkəm Azərbaycan dövlətçiliyinin əsasları son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirilib: “Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Ölkənin hərbi qüdrəti güclənib. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur. Vətən Müharibəsindən 1 il keçməsinə baxmayaraq, bu gün azad olunmuş ərazilərdə yol, nəqliyyat, enerji və digər sosial infrastruktur qurulur, artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, “ağıllı kənd”, “ağıllı şəhərlər” salınır, yaşıl iqtisadiyyat konsepsiyasına uyğun layihələrə başlanılıb. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur yenidən canlanır. Bütün bunlar bir daha ölkəmizin iqtisadi imkanlarından, dövlət başçısının güclü iradəsindən xəbər verir. Bu gün Ulu Öndərin ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva daha da gücləndirir. Onların bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir”.