“Əslində Moskvada “3+3” formatında baş tutan görüşün özü müsbət hadisədir. Amma qısa müddət ərzində bu platformadan böyük şeylər gözləmək doğru olmazdı. Çünki burada müzakirələr aparılmalı, maraq dairələri uzlaşdırılmalıdır. Bölgədə sabitliyin olması, iqtisadiyyatın və ticarətin inkişafı, habelə rifahın yaranması hamının maraqlarına uyğundur. Amma tərəflər aralarındakı mövqeləri uzlaşdırmalıdır. Bundan sonra perspektiv açıla bilər”.
Bu fikirləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.
Politoloq qeyd edib ki, regionun altı ölkəsindən beşinin bir araya gələrək ilkin müzakirələr aparması o deməkdir ki, tərəflər məsələni müəyyən qədər həll edə bilib:
"Ən azından bu ölkələr göstəriblər ki, bir araya gələrək müzakirə aparmaq imkanına malikdirlər. Bunun özü müsbət məsələdir. Sadəcə məsələ məntiqlə sona qədər getməlidir. Mən inanmıram ki, hansısa ölkə regionda sülhün yaranması, əməkdaşlığın başlanması və iqtisadi-ticarət əlaqələrinin güclənməsinə qarşı çıxsın”.
Rüstəm Məmmədov xatırladıb ki, uzun müddət “3+3” formatına etiraz edən İran da nəhayət də bu prosesə qatılıb: “İran bir ara bayraq kimi əsir, düşünürdü ki, bu ona xeyir gətirməz. Amma indi regionda yeni reallıqları anladı və ona uyğun addımlar atmağa başladı. Bu da müsbət haldır. Ermənilərin də prosesdə olması özlərinə xeyirdir. Mən hesab edirəm ki, Azərbaycan və Türkiyə tərəfindən irəli sürüləın bu platforma əsasında yaxşı konfiqurasiya yarana bilər. Burada əsas iştirakçıların mövqeyi və addımları olacaq”.
Politoloqun fikrincə, Gürcüstan hələlik öz problemini həll etməyə çalışır: “Daha doğrusu Saakaşvili problemini. Çünki cəmiyyət müəyyən mənada bölüşüb. Ümid edirəm ki, orada daxili məsələlər həll edildikdən sonra Gürcüstanda bu platformaya meyillənməyə başlayacaq”.