15 Dekabr 2021 09:05
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin səhhəti yaxşıdır. Partiya toplantılarına rəhbər göstərişləri verir. Bu gün Liberal partiya Lalə Şövkətin prinsipləri əsasında idarə edilir. Hazırda partiyamız normal fəaliyyətini davam etdirir. Hələlik bizə qərargah verilməyib. Vaxtilə istədik vermədilər, indi də istəyimiz yoxdur.

Bunu Teleqraf-com-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.

ALP sədri qərargahla təmin edilən partiyalara təbriklərini çatdırıb: “Liberal Partiya vaxtilə qərargah istəmişdi. İndiki halda isə belə bir təklif edilməyib, ola bilsin biz müraciət etməmişik. Amma hazırda partiyalarla bağlı aktiv bir durum var. Siyasi partiyalarla dialoq müstəvisində mühüm işlər görülür. Amma bunun yekunu müsbət olacaqsa, daha yaxşıdır, təqdirəlayiqdir”.

Ə.Temirxan dövlətin təklif etdiyi dialoqla bağlı görüşlərdə, təmaslarda iştirak etdiyini deyib: “Qarşılıqlı dialoq da aparmışıq. Ümummilli məsələlərdə ünsiyyətimiz, məsləhətləşmələrimiz olub. Amma biz Azərbaycanda ümumi bir fikir əsasında beyin mərkəzinin yaradılmasının tərəfdarıyıq. Hazırda siyasi müstəvidə istiqamətlər doğru götürülüb. Bu proses davam etməli, genişlənməli və dərinləşməlidir. Vətən müharibəsi dövründə Azərbaycanda mövcud olan siyasi partiyaların mütləq əksəriyyəti milli birlik naminə siyasi iradə nümayiş etdirdi. İndi isə biz artıq qalib millətik. Düşmənimizə qalib gəlmişik. Ona görə də qələbə şəraitinə uyğun siyasət yürütməliyik”.

Partiya sədrinə görə, iqtidarın siyasi partiyalarla bağlı xoşniyyətli addımları bitməyib:

“Resurslar çox böyükdür. Milli barış kontekstində Qarabağı azad edən millət kimi davranışlarımızı formalaşdırmalıyıq. Bunun üçün ölkə rəhbəri Prezident İlham Əliyevin geniş potensialı var. Çünki bu gün qalib Ordunun Ali Baş Komandanı kimi onun böyük bir inam resursu mövcuddur”.


Müəllif: Tapdıq Qurbanlı