II Qarabağ müharibəsindən sonra yaranmış reallıq artıq beynəlxalq birlik tərəfindən də qəbul edilir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə qalıcı sülh üçün mühüm addımlar atır. Sözsüz ki, beynəlxalq birliyin də bu məsələdə mövqeyi əhəmiyyətə malikdir. Çünki Azərbaycan hər zaman sülh və təhlükəsizliyin təminatına səy göstərib. Məhz post-müharibə dövründə Azərbaycanın sərgilədiyi mövqe buna əsaslanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, Soçi görüşünün ardınca Brüsseldə üçtərəfli formatda təşkil edilmiş danışıqlar, qarşılıqlı formada aparılan müzakirələr proseslərin irəliyə aparılmasında mühüm töhfə kimi xarakterizə edilir: “Ötən gün Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat da məhz Azərbaycanın irəli sürdüyü tezislərlə eynilik təşkil edir. Bu mənada Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına dair çağırışları Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi üçün hərtərəfli sülh müqaviləsinin imzalanmasını təşviq edir”.
Millət vəkilinə görə, bu amil Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilir: “Aİ Şurası prezidenti Azərbaycanla Ermənistan arasında bu günə qədər əldə edilmiş bütün razılaşmaları və bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsini önə çəkib. Həmçinin ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir. Çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Digər mühüm amil isə humanitar minatəmizləmə səylərinə dəstəklə bağlıdır. Bu o deməkdir ki, Aİ tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək”.
Cavid Osmanov hesab edir ki, Aİ-nin sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstəyi regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasında mühüm amildir: “Bu o deməkdir ki, Aİ iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcək. Artıq Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı dəmir yol xəttinin çəkilişi xüsusi olaraq vurğulanıb. Bu Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı diqqət mərkəzindədir. Bütün bunlar beynəlxalq birlik tərəfindən Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir”.