15 Dekabr 2021 17:09
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşü və aparılan müzakirələr Azərbaycanın növbəti uğuru sayıla bilər. Orada Azərbaycan Prezidenti, eləcə də Avropa İttifaqı sədrinin səsləndirdiyi fikirlər çox əhəmiyyətli və diqqətçəkəndir. Məsələn, bu görüşlərin heç birində və sonradan Şarl Mişelin verdiyi bəyanatda da ATƏT-in Minsk qrupu qətiyyən xatırlanmadı. Yəni bu arxivə atılan bir vasitəçilik missiyasıdır. Aydındır ki, Misnk qrupu mövcud olduğu vaxtdan saxtakarlıq və vaxt keçirməklə məşğul olub. Və indi Azərbaycan ona ehtiyac duymur”.

Bunu Teleqraf.com-a Milli Məclisin Xocalı-Xocavənd seçki dairəsinin təmsilçisi Elman Məmmədov deyib.

Deputat bildirib ki, Şarl Mişelin bəyanatı da göstərir ki, Minsk qrupu ümumiyyətlə gündəmdən çıxmalıdır:

"Bu olduqca vacibdir. Sizə də aydındır ki, Minsk qrupu adlandırılan vasitəçilik institutu münaqişənin tarixindən bu yana bizim əleyhimizə fəaliyyət göstərib, münaqişənin həll edilməməsi istiqamətində fəaliyyətini davam etdirib, bir çox hallarda ermənipərəst mövqeyi ilə seçilib. Ona görə də bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Hesab edirəm ki, Avropa İttifaqı kimi mötəbər bir təşkilatın bəyanatında bu amilin nəzərə alınması və müzakirə belə edilməməsi həm də Azərbaycana verilən dəyərdən irəli gəlir və bizim mövqeyimizə tam uyğundur”.

Elman Məmmədov xatırladıb ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Minsk qrupunun həmsədrləri tələm-tələsik Bakıya səfər etmişdilər: “Cənab Prezident onları qəbul edən zaman elə onların üzünə dediyi söz hər kəsin yadındadır. Cənab Prezident bildirdi ki, mən sizi dəvət etməmişəm, əgər sözünüz varsa, buyurub deyin, hər kəs eşitsin. Bu əslində onlara demək idi ki, nə gəzirsiniz, sizi kim bura çağırıb... Bütün bunlar reallıqdır. Avropa İttifaqının da bunu nəzərə alması Prezident Əliyevin yürütdüyü uğurlu və dəqiq diplomatiyanın nəticəsində ortaya çıxan reallıqdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər