Brüsseldə keçirilən Şərq Tərəfdaşlığının Zirvə Görüşündə Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamə mühüm əhəmiyyət kəsb edir. Bu, tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyinin ifadəsidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə Şərq Tərəfdaşlığının Zirvə görüşündə yer alan məsələlər Azərbaycanın post-münaqişə gündəliyinə uyğundur:
“Çünki burada Şərq Tərəfdaşlığı regionunda münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi xüsusi olaraq önə çəkilir. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli sazişlə bağlı aparılan danışıqlar da mühüm önəmə malikdir. Sözsüz ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşdır. Bu mənada Cənub Qaz Dəhlizi layihəsinin başa çatması mühüm amil kimi dəyərləndirilir. Təbii olaraq Cənub Qaz Dəhlizinin Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsi də xüsusi olaraq diqqətdə saxlanılır”.
Millət vəkilinə görə, Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə tərəfdaş mövqeyi ifadə edib: “Bu görüşdə də dünya üçün hələ də təhdid olan pandemiyaya qarşı mübarizədə səylərin birləşdirilməsi, atılan addımların və təşəbbüslərin dəstəklənməsi fikirləri ifadə edilib. Eyni zamanda bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə dəstəyini nümayiş etdirib”.
Azər Badamov hesab edir ki, Azərbaycan Zirvə görüşünün yekunu olaraq qəbul edilən bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmaması da mühüm idi: “Azərbaycan bununla bir daha nümayiş etdirdi ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi mühüm önəm kəsb edir. Çünki Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir”.