Brüsseldə Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlərin ilkin yekunları bir daha göstərdi ki, Ermənistan yenə də dalana dirənib. Torpaqlarımız işğal altında olan zaman Avropa İttifaqı və digər qurumlar Azərbaycana daim təzyiqlər edirdilər ki, bəs, kommunikasiyaları açın. Azərbaycan da cavabında bildirirdi ki, işğal davam etdikcə bu, mümkün deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professorun fikrincə, rəsmi Bakı hər hansı beynəlxalq sənədi belə bir qeyd-şərtlə imzalayırdı ki, işğala son qoyulduqdan sonra nəqliyyat-kommunikasiyaların açılması mümkün ola bilər:
“İndi işğala son qoyulub, yeni şərait yaranıb və Azərbaycan kommunikasiyaların açılmasına hazırdır. Avropa İttifaqı da əvvəlki maraqlarından və mövqeyindən əl çəkməyib”.
Millət vəkili hesab edir ki, Azərbaycanın öz xeyrinə uğurla yaratdığı və ustalıqla idarə etdiyi proseslər Ermənistanı yenə də dalana dirəyib:
“Ermənistanı dalandan çıxarmaq üçün erməni rəhbərliyində və cəmiyyətində siyasi realizm üstün gələcəkmi? Yoxsa, məlum xəstəlik yenə də davam edəcək? Ermənistanın nicatı Azərbaycanın şərtlərini qəbul etməkdən və üçtərəfli bəyanatı yerinə yetirməkdən keçir. Gözləyək...”.