22 Dekabr 2021 21:13
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə səfərində əsas məqsəd Azərbaycanla əlaqələrə yeni impuls verməkdir. Çünki 44 günlük Qarabağ müharibəsindən sonra İran Azərbaycanla münasibətlərini gərginləşdirmişdi. Bu gərginliyin müəlliflərindən biri də Abdullahiyan idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bu səfərin həm də Azərbaycan və İran prezidentlərinin mümkün görüşünə hazırlıq olduğunu da istisna etməyib:

“Artıq Tehran Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqları qəbul edib. Bu səfərdə müştərək iqtisadi layihələrin davam etdirilməsi, Zəngəzur dəhlizindən istifadə, Qarabağdakı bərpa layihələrində yer almaq və “3+3” formatında iştirak kimi məsələlərin müzakirə olunduğunu düşünürəm. Hesab edirəm ki, 44 günlük savaşdan sonra İran-Azərbaycan əlaqələri məhz Tehran özü tərəfindən pozulmuşdu. Bundan sonra Ankara və Moskvanın təzyiqləri, Bakının geri çəkilməməsi Tehranı geri addım atmağa sövq etdi. Həmçinin İrana qarşı sanksiyalar və yeni embarqo hədələri, eləcə də nüvə probleminin həll edilməməsi də Tehranı düşündürdü.

Qənaətimə görə, İran məhz region ölkələri ilə əməkdaşlıq çərçivəsində öz iqtisadi inkişafına töhfə verə bilər. Bunun yolu həm də Azərbaycanla normal münasibətlərdən keçir. Qeyd edim ki, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Türkmənistan qazının Avropaya ixracını nəzərədə tutan müqavilənin imzalanması ikitərfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Amma İranda hakimiyyətdə mühafizəkarlardır və siyasətlərində geri dönüş edə bilərlər. Azərbaycanda buna hər an hazır olmalıdır”.

Məhəmməd Əsədullazadə bildirib ki, Bakının Tehrandan bir neçə tələbi olmalıdır:

“Birincisi, Azərbaycan İrandan dövlət sərhədində narkotik kuryerlerinə qarşı sərt addım atmasını tələb etməlidir. İkincisi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanı ratifikasiya etməsi tələb olunmalıdır. Üçüncüsü, Azərbaycana qarşı dini ayrı-seçkilik siyasətinə son qoymalıdır.

Hesab edirəm ki, nüvə sazişi ilə bağlı Qərblə İran arasında artan gərginlik və bu fonda İsrailin mümkün hücum hədələri Tehranın Rusiya, Türkiyə və Azərbaycanla yaxınlaşmaşını sürətləndirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər