24 Dekabr 2021 09:05
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev son 18 ildə fəaliyyətini Azərbaycanı güclü, inkişaf etmiş dövlət səviyyəsinə yüksəltmək, hər bir azərbaycanlının layiqli Prezidenti olmaq istiqamətində qurub. Cənab İlham Əliyev ölkəyə rəhbərliyi dövründə öz xalqına sədaqətlə xidmət etdiyini, bütün gücünü ölkənin inkişafına və xalqın firavanlığına nail olmaq üçün səfərbər etdiyini sübuta yetirib. Ölkəmizin dinamik inkişafı qarşıya qoyulan hər bir hədəfin böyük uğurla aşılması Azərbaycanın Cənubi Qafqazda aparıcı mövqeyə yüksəlməsini təmin edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycanı “Güclü iqtisadiyyat - yüksək sosial rifah - müstəqil siyasət - hücum diplomatiyası” konseptləri üzrə qüdrətli dövlətə çevirmək üçün atılan addımlar uğurla nəticələnib: “Ötən 18 ildə əsas iqtisadi islahatlar, güclü iqtisadiyyat quruculuğu prioritet olub. Məhz bunun nəticəsində Azərbaycan 2009-cu ildə keçid dövrünü uğurla başa vurub. 2003-cü illə müqayisə də isə 2021-ci ildə ÜDM-də 3,4 dəfəyədək artım qeydə alınıb. Ölkəmizin dinamik inkişaf göstəricilərindən biri də Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmininin 53 milyard dolları ötməsidir. Bu amil Azərbaycanın 2020-ci il üzrə “Doing Business” hesabatında dünyanın “Ən islahatçı 20 ölkəsi” sırasında yer almasına imkan yaradıb”.

Millət vəkili hesab edir ki, ötən 18 ildə Azərbaycanda sosial infrastruktur tamamilə yeniləşib və müasir standartlar səviyyəsində qurulub: “Ölkəmizdə 3500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət abidələri, məscidlər, kilsələr, sinaqoqlar tikilib və ya bərpa edilib. Yüzlərlə park, xiyaban, istirahət guşələri yaradılıb. Bütün bunlarla yanaşı xarici siyasətdə də mühüm uğurlar təmin edilib. Son 18 ildə xarici siyasətdə hücum diplomatiyasına üstünlük verilib. Azərbaycanın regionda və qlobal miqyasda mənafeləri layiqincə müdafiə və təmin edilib. Ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədi ilə müstəqil və qətiyyətli xarici siyasət yürüdülüb. Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi və nüfuzunun yüksəlməsi, ölkəmizin müstəqil, milli maraqlara xidmət edən siyasət yürütməsinin nəticəsində mümkün olub”.

Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və liderlik keyfiyyətləri sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə nail olundu: “Artıq Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaranıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan fenomenal liderlik missiyasını bir daha təsdiqləyib. Artıq Dağlıq Qarabağ münaqişəsi adlı bir problem mövcud deyil. İşğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilib. Hazırda 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında şərtləri diktə edən, Ermənistanla danışıqların gündəmini müəyyən edən Azərbaycandır. Bu mövqe ölkəmizin hərbi-iqtisadi gücü ilə yanaşı, ilk növbədə, ədalətli, sivil, beynəlxalq hüquqa əsaslanan yanaşması, konstruktiv mövqeyi ilə şərtlənir. İndiki şəraitdə Azərbaycanın regionda yaratdığı geosiyasi reallıq Ermənistanın sosial-iqtisadi, siyasi böhrandan çıxması və Cənubi Qafqazın inkişafı üçün alternativsiz yoldur”.

Parlament təmsilçisinə görə, Prezident İlham Əliyevin post-konflikt dövründə yürütdüyü ardıcıl siyasət yaxın perspektivdə öz bəhrəsini göstərəcək: “Azərbaycanı Naxçıvanla birləşdirəcək quru yolu - Zəngəzur dəhlizi açılacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” təmin ediləcək. Sözsüz ki, qısa zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın gücünü, Prezident İlham Əliyevin lider kimi bütün qüvvələrin vahid məqsəd uğrunda səfərbər etmək bacarığını aydın nümayiş etdirir. Bütün bunlar isə Prezident İlham Əliyevin bütün istiqamətlərdə yürütdüyü uğurlu siyasətin ölkəmizdə xalq-iqtidar birliyini təminatına əsasdığını göstərdi. Vətən müharibəsi isə bu sarsılmaz birliyin əyani təcəssümü oldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər