"Azərbaycan xarici siyasətinin Qarabağla bağlı istiqamətini götürdükdə 2021-ci il çox uğurlu olub. 44 günlük müharibədən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı, erməni ordusu məğlub edildi, ərazilərimiz işğaldan azad edildi, üçtərəfli razılaşma imzalandı. Bundan sonrakı mərhələdə proses diplomatik müstəvidə davam etdirildi".
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov Azərbaycanın 2021-ci il üçün Qarabağ siyasəti haqqda danışarkən deyib.
Mütəxəssis bildirib ki, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli razılaşmanın bəzi müddəaları 2021-ci ildə tam yerinə yetirilməyib.
Onun sözlərinə görə, bu, bizi çox da məmnun etmir:
"Amma ümumi istiqamətdə baxdıqda Azərbaycan çox şey əldə etdi. İstər 2021-ci ilin 11 yanvarında Moskvadakı üçtərəfli görüş, istərsə də digər təmaslarda faktiki erməni tərəfi regionda kommunikasiyaların açılmasına müqavimət göstərə bilmədi. Məhz Moskva görüşünə dair verilən bəyanatda kommunikasiyaların açılışı, bu məqsədlə üçtərəfli işçi qrupunun yaradılması və təkliflərin hazırlanması qəbul edildi".
O. Qasımov qeyd edib ki, məhz 2021-ci ildə Azərbaycan ordusunun modernləşməsi istiqamətində addımlar atılıb, habelə Azərbaycan müttəfiqləri ilə münasibətlərini inkişaf etdirdi:
"Hərbi sahədə Türkiyə ilə əlaqələrin genişləndirilməsi, birgə təlimər, həmçinin "Üç qardaş" təlimləri əslində tarixə yazılacaq hadisələr olacaq. Həmçinin bu ilin yayında Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması Azərbaycan xarici siyasətində irəliyə atılan addım oldu. Bu Azərbaycanın və bölgənin təhlükəsizliyi ilə bağlı ciddi addımlardır".
Mütəxəssis 2021-ci ilin vacib mqamlarından biri kimi bir sıra güc mərkəzlərinin Azərbaycanın yaratdığı reallıqları qəbul etməmək istəyinə və sonda qəbul etmək məcburiyyətində qalmasına diqqət çəkib:
"Azərbaycanın yaratdığı reallıqları qəbul etməmək cəhdləri var idi, lakin bu istiqamətdə xeyli irəliləyişlər əldə edildi. O güclər ki, əvvəl yeni yaranan reallıqları qəbul etmirdilər, sonradan postmünaqişə reallıqlarını qəbul etməyə başladılar. Mən bu dövlətlərin adını da qeyd etmək istərdim. Bunlardan biri qonşu İran idi. Təxminən sentyabr-oktyabr aylarında Tehran ilə Bakı arasında gərginlik yarandı, amma nəticədə bu baryer aşıldı, hazırda İranla münasibətlər qaydaya düşüb. İran xarici işlər naziri də iki gün əvvəl bəyan etdi ki, Azərbaycanla anlaşılmazlıqlar aradan qaldırılıb, biz irəliyə baxmalıyıq. Bu istiqamətdə konkret addımlardan biri Azərbaycan, Gürcüstan, İran arasında razılaşmaya əsasən Şimal-Cənub dəhlizinin açılışına dair sınaq testi oldu.
Eyni zamanda ABŞ və Fransa Minsk Qrupunun himayəsi altında danışıqların davam etdirilməsi, status və digər məqamlarla bağlı ritorika dəyişdi. Biz gördük ki, Soçi görüşünün nəticələrinə dair yekun bəyanatda Minsk Qrupuna vurğu edilmədi. Əvəzində regionda kommunikasiyaların açılması, delimitasiya və demarkasiya prosesinin aparılmasının vacibliyinə işarə edildi. Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyün tanınmasına dair mesajlar verməsi də əhəmiyyətli idi. O cümlədən Zəngəzur dəhlizi və kommunikasiyaların açılması ilə bağlı Putinin bir cümləsini də xatırlatmağa dəyər. Kommunikasiya dedik də Zəngəzur dəhlizi nəzərdə tutulur. Üstəlik burada yalnız dəmiryolunun deyil, avtomobil yolunun açılması da Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir.
Bu istiqamətdə atıklan addımların yekunu kimi Türkdilli Dövlətlər Birliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının bəyanatları, bu quruma üzv olan dövlətlərinin Azərbaycanın ərazilərini işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etməsinə dəstək ifadə etməsi də mühüm hadisə sayılmalıdır. Bu həm də uğurdur".
Sonda analıitik qeyd edib ki, Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə baş tutan Azərbaycan və Ermənistan rəhbərlərinin təması da 2021-ci ilin mühüm hadisələrindən biri, Azərbaycan diplomatiyasının uğurudur:
"Ermənilər daha çox Brüssel görüşünə köklənmişdi, gözlənti o idi ki, orada Minsk Qrupunun önə çəkilməsi, status kimi gözləntilər də kənara qoyuldu. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin bəyanatı bunun tam əksini ortaya qoydu. Hesab edirəm ki, bu da 2021-ci ildə Qarabağla bağlı Azərbaycanın uğurlu fəaliyyətinin nəticəsi oldu".