Milli Məclisin deputatı Məlahət İbrahimqizı parlamentin bu gün keçirilən plenar iclasında II Qarabağ müharibəsinin veteranlarından danışıb.
Teleqraf.com xəbər verir ki, deputat Prezident İlham Əliyevin dünən Vətən müharibəsi iştirakçıları ilə bağlı verdiyi qərarı təqdirəlayiq addım hesab edib.
Deputat bildirib ki, veteranlıq vəsiqəsinin verilməsi ilə bağlı addım alqışlanmalıdır: “Neçə müddət idi ki, Vətən savaşında iştirak edənlər veteran vəsiqəsinin veriləcəyi günü gözləyirdi. Seçicilərim tərəfindən də tez-tez bu barədə suallar ünvanlanırdı. Artıq məsələ öz həllini tapmaq üzrədir. Hesab edirəm ki, Nazirlər Kabinetinin müvafiq şöbəsi bu məsələni diqqətdə saxlayacaq”.
Məlahət İbrahimqızı qeyd edib ki, dünən imzalanan bütün sərəncamlar bir daha göstərir ki, prezident hər an xalqın yanındadır: “Müharibə veteranı adı ilə bağlı bütün qurumlara tapşırıqlar verilib. Mən əminəm ki, 2016-cı ildə Aprel döyüşlərində iştirak edən şəxslər də veteran adı və təqaüdü alacaqlar”.