5 Yanvar 2022 16:15
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünyanın bir parçasıdır. Ona görə də, dünyada baş verən proseslər ölkəmizin iqtisadiyyatına təsirsiz ötüşmür. Hazırda qlobal pandemiya və iqlim dəyişiklikləri nəticəsində dünyada ərzaq buğdasının istehsalı kəskin azalıb. Eyni zamanda dünya əhalisinin artması nəticəsində buğdaya tələb çoxalıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, dünyanın ən iri ərzaqlıq buğda ixracatçısı Rusiyadır: “Rusiya ildə 39,2 milyon ton buğda ixrac edir. Amma 2021-ci ildə məhsul istehsalı azaldığından və dünya bazarlarına tələb artığından Rusiya da müxtəlif mexanizmlər tətbiq edərək buğdanın ixracına limit tətbiq edib.

Eyni zamanda Rusiya ərzaqlıq buğdanın 2019-cu ildəki ixrac qiymətini 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,7% artırıb. Azərbaycan öz növbəsində idxal olunan buğdanı 2022-ci ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edib. Həmçinin ərzaqlıq buğda idxalçılarına idxal etdiyi buğdanın hər tonuna görə subsidiyalar ödənilib. Paralel olaraq un və çörək satışı da ƏDV-dən azad edilib”.

Millət vəkili hesab edir ki, dövlət dünya bazarlarındakı buğdanın qiymət artımlarının daxili bazara təsirini azaltmağa çalışır: “Amma vəziyyəti həmişəlik belə davam etdirmək mümkün deyil. İqtisadiyyatın inkişaf dinamikasının sabitliyinin qorunması üçün daxili bazarın qlobal çağırışlara uyğunlaşdırılması mütləqdir. Ona görə də 1 yanvardan un və un məmulatların qiymətlərində artımların olması qaçılmaz olub.

Amma dövlətimiz yenə də müvafiq mexanizmlərdən istifadə etməklə buğda istehsalına başlayana qədər qiymətlərin nəzərdə tutulmuş həddən çox artmasına imkan verməyəcək. Un və çörək strateji mallardır. Bu mallar insanların gündəlik istehlakındadır. Ona görə də, dövlətimiz müxtəlif tənzimlənmə mexanizmlərdən istifadə etməklə un və çörəyin qiymətinin kəskin və süni artımının qarşısını alacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər