Prezident İlham Əliyev ilin ilk müsahibəsini verdi: bu, həm son geosiyasi proseslər, həm sərhəd döyüşləri fonunda, həm də müəyyən mesajların yenilənməsi, yenilərinin çatdırılması baxımından əhəmiyyətlidir.
Prezidentin iqtisadi məsələlərdən danışarkən, epizodik toxunduğu iki məsələ müəyyən nəticələr çıxarmağa da imkan verir.
Birincisi, Azərbaycan-Ermənistan dövlət sərhədinin praktiki olaraq bərpa edilməsidir: sərhədin Zəngilandan Laçına qədər olan hissəsinin bərpa edildiyi, əsas problemin davamlı toqquşmaların yaşandığı Kəlbəcər istiqamətində (Xəzinəvar kəndindən Söyüdlü kəndinə qədər) olduğu haqda məlumatlar var idi, hərçənd, Əliyev bildirdi ki, “biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər”; Bu o deməkdir ki:
- Cənubdan Şimala qədər bütün istiqamətlərdə Ermənistanın işğal dövründə irəli çəkdiyi sərhəd xətti bərpa edilib və bundan sonrakı mərhələ delimitasiya-demarkasiya işinin həyata keçirilməsidir;
- Delimitasiya-demarkasiya razılaşmasının icrası uzanarsa belə, Azərbaycan faktiki olaraq sərhədə çıxıb;
- Bakının əsas tələbi anklavlarla bağlıdır: Ceyhun Bayramov da ötən ilin sonunda bildirdi ki, “anklavlar məsələsinin həlli delimitasiya prosesində baş verə bilər... Azərbaycanın yanaşması ondan ibarətdir ki, bu proses danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir” və bununla İrəvana “məsələ masada həll edilməsə, sahədə həll ediləcək” mesajı verildi;
İkincisi, prezidentin Ağdərə ilə bağlı dedikləridir: Azərbaycanda Ağdərə adlı rayon yoxdur, 1992-ci ildə rayonun ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonlarına daxil edilib və Əliyev də rayondan yox, Ağdərə ərazisini turizm mərkəzinə çevirməkdən, insanların ora qayıtmasını təmin etməkdən bəhs edir və hesab etmək olar ki, burada keçmiş Ağdərə rayonunun hazırda Azərbaycan ordusunun nəzarəti altında olan əraziləri nəzərdə tutulur; hərçənd, prezidentin “Ağdərə” adını xüsusi vurğulaması təsadüfə bənzəmir və burada həm sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə qayıdış mesajı yer alır, həm də həmin ərazilərdə yaşayan ermənilərə “yaxşı həyat” mesajı verilir;
Müsahibənin siyasi hissəsində Prezident bir çox məsələyə açıq mətnlə toxundu, mesajlarla yanaşı, atılacaq addımların da anonsunu verdi.
Yanvar döyüşləri: Əliyev “sona qədər döyüşə bilərəm” mesajını verir və bu, Moskvaya ünvanlanıb;
- Ermənistan Qazaxıstandakı hadisələrdən və KTMT-nin “ilk müdaxilə” presedentindən yararlanmaq istəyir: Rusiya buna imkan verməməlidir;
- Atəşi Əliyevin özü dayandırıb: dayandırmaya, döyüşü davam etdirə də bilərdi, lakin Azərbaycan müharibə istəmir; bu, eyni zamanda, Ermənistan cəmiyyətinə də “son itkilərə və bundan sonra baş verəcəklərə görə məsuliyyəti Paşinyan hakimiyyəti daşıyır” mesajının verilməsidir;
Sülh müqaviləsi üçün vaxt: Prezident sülh sazişinin imzalanması - sərhəd müəyyən edilməsi, qarşılıqlı şəkild ərazi bütövlüyünün tanınması, kommunikasiyanın açılmasına start verilməsi - təklifinin hələ də gündəmdə olduğunu bildirdi və sonda əlavə etdi ki, “qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”. Bu o deməkdir ki:
- Azərbaycan sülh sazişi üçün Ermənistandan altı ay müddətində cavab gözləyir;
- Altı ay müddətində ilkin olaraq sərhədin delimitasiya və demerkasiyası praktiki mərhələdə başlanmalıdır: Soçi razılaşmasına görə ikitərəfli komissiya yaradılmalıdır və istisna deyil ki, Bakı yaz aylarında – hava şəraitinə uyğun olaraq sərhədin demakrasiyasına start verilməsini planlaşdırır;
- Bu müddətdə Ermənistan tərəfindən gözlənilən cavab verilməsə, Bakı praktiki addımlar ata bilər;
Bu addımların nədən ibarət ola biləcəyini Prezident açmır, lakin istisna deyil ki, Moskvanın təqdim etdiyi sərhəd xəritəsinə uyğun bərpa prosesinə start verilsin və burada əsas məsələ yenə anklavlar olacaq: məsələnin həlli hərbçilərin öhdəsinə buraxıla bilər;
Əliyev vaxt mesajını prosesdə iştirak edən tərəflərə - Rusiya və Avropa İttifaqına da verir.
Laçın dəhlizi və sülhməramlılar: Bakı yola nəzarət edir;
Əliyev bildirdi ki, “Laçın dəhlizi bizim nəzarətimiz altındadır”. Ötən il Bakının dəhlizə vizual nəzarəti gücləndirdiyini bilirik, lakin Prezidentin açıqlaması söhbətin təkcə vizual nəzarətdən getmədiyini və Azərbaycanın “dəhlizə praktiki müdaxilə imkanının” olduğunu deməyə əsas verir. Bu o deməkdir ki:
- Azərbaycan dəhlizə nəzarəti əvvəlki dövrlə müqayisədə artırıb;
- Moskvaya “istədiyim vaxt dəhlizə müdaxilə edə bilərəm” mesajı verilir;
Əliyevin sülhməramlıların fəaliyyəti ilə bağlı tənqidinin də hədəfi budur: Azərbaycan sülhməramlıların dəhlizdən istifadə qaydalarını pozduğunu faktlarla sübut edir və Laçın dəhlizində post qurmaq məsələsini aktuallaşdırır;
Brüssel razılaşması bu məsələnin mümkünlüyünü önə çıxardı və Bakı praktiki gedişdən öncə atacağı addımın səbəblərini və buna zəmin yaradan əsasları elan edir; və Prezidentin konkret rəqəmlərə əsaslanan çıxışı “görməmişik, bilməmişik” bəhanələrini də öncədən neytrallaşdırmağa hesablanıb;
Zəngəzur dəhlizi: Bakı üçün bu, dəhliz olaraq qalır; mümkündür ki, bunun “dəhliz”, yaxud “ yol” mənitiqi ilə olması məsələsi infrastukruturun inşasına qədər arxa plana keçirilsin;
Əliyevin Zəngəzur dəhlizi ilə bağlı iki anonsu isə xüsusilə diqqət çəkdi:
Birincisi, dəhliz bütün Zəngəzur bölgəsini əhatə etməlidir;
İkincisi, Bakı qaz və elektrik xətlərinin də bu bölgədən keçməsini istəyir;
Azərbaycan bununla Ermənistana əldə edə biləcəyi iqtisadi dividentləri təqdim edir.
Və Bakının hədəf Zəngəzur bölgəsində iqtisadi rıçaqlarla təsir imkanı əldə etmək, tarixi torpaqlara bu yolla qayıda bilməkdir. Əliyevin ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Zəngəzurdan köçməyə məruz qalan babasının məzarı önündə nə vaxtsa dilə gətirəcəyi sözləri bu kontekstdə xüsusilə maraqlıdır.