26 Yanvar 2022 19:55
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Həyata keçirilən sosial islahatlar əhalinin rifah halının yaxşılaşmasına ximət edir. Bu sahədə əldə edilən böyük sosial uğurlar bunu təsdiq edir. Ötən il də ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında ötən il ərzində sosial islahatlar proqramı uğurla icra edilib: “Sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası təmin olunub. Həssas qrupların sosial təminatı, ödənişlərin artırılması, bu sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili həyata keçirilib. Eyni zamanda digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görülüb”.

Millət vəkilinə görə, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ilə bu kateqoriyadan olanlara 3 min mənzil təqdim edilib: “Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi üçün də mühüm addımlar atılır. Belə kateqoriyaya aid olan şəxslərin mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi üçün kompleks tədbirlər icra olunub”.

Cavid Osmanov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük tarixi Zəfərdən sonra dövlət başçısının tapşırığına əsasən sosial dəstək tədbirləri icra olunur: “Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin fərdi təqaüdü, sosial müavinət, pensiya və digər zəruri ödənişlər həyata keçirilib. Həmçinin müharibə iştirakçılarının əlillik və sosial ödənişlərlə bağlı təyinatı olub. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib. O cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib. Dünyada pandemiyanın davam etməsinə maliyyə-iqtisadi çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təminatı yüksək səviyyədə həyata keçirilir”.


Müəllif: Tapdıq Qurbanlı