“Son 1 il ərzində Milli Məclisin 38 iclası keçirilib, 222 qanun və qərar qəbul edilib. Parlamentin fəaliyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləməyə yönəlib. Ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilib”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
Spiker əlavə edib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib:
“Yanvarın 17-də Monteneqro parlamentinin sədri cənab Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Görüşlər zamanı bir sıra məsələlər müzakirə edilib. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əzəli torpaqlarını Ermənistanın işğalından azad edib BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü ilə həyata keçirmiş, ərazi bütövlüyünü bərpa edib. Qeyd etdim ki, Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən deyil, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, Sülh Sazişi tezliklə imzalanacaq”.
Spiker bildirib ki, Monteneqro parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb:
“Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibəti ilə xalqımızı təbrik etdi. Görüş zamanı bir sıra digər məsələlər, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığının və dəstəyinin davam etməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı”.
Sahibə Qafarova xatırladıb ki, yanvar ayının sonlarında Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edib: “Sessiyada nümayəndə heyətinin rəhbəri hörmətli Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsi sədrinin birinci müavini seçilib. İcazə verin, bu münasibətlə həmkarımızı ürəkdən təbrik edək, dəyərli fəaliyyətində ona yeni uğurlar arzulayaq”.
Spiker bildirib ki, yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir: “Sessiyanın qanunvericilik planı hazırlanmışdır və bu gün müzakirə ediləcək. Bu sessiyada biz qanun layihələrini müzakirə etməklə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat və məruzələri də dinləniləcək.
Bu sessiya ərzində də Milli Məclisin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Bu məqsədlə üzv olduğumuz beynəlxalq təşkilatlarda fəaliyyətimiz ardıcıl davam etdiriləcək, bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıda qəbul ediləcək. Həm Bakıda, həm də xarici ölkələrdə bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur”.