3 Fevral 2022 12:06
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edildi. Bəyannamənin təsdiq olunması sıradan bir hadisə deyil. Çünki Şuşa Bəyannaməsindən irəli gələn müvafiq addımların atılması, strateji vəzifələrin yerinə yetirilməsi post-münaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Xüsusilə də nəzərə almaq lazımdır ki, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. İki qardaş ölkənin birgə fəaliyyəti və ortaq təşəbbüsləri əsasında regionun geostrateji arxitekturası yenidən qurulur.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq müansibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması, yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır: “Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması, hərbi-siyasi təhlükəsizliyin təminatı istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparmaqla bu təhdid və təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək. Bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiq olunması strateji əhəmiyyət daşıyır”.

Millət vəkili hesab edir ki, Şuşa Bəyannaməsi Azərbayan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir: “Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, humanitar və hərbi-strateji münasibətlər ən yüksək zirvədədir. Tərəflər, eyni zamanda, beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edir, prinsipial dəstək nümayiş etdirir. Suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Şuşa Bəyannaməsində də bütün bu məqamlar öz əksini tapıb”.

Sevinc Fətəliyevaya görə, Azərbaycan və Türkiyə hərbi-siyasi təhlükəsizliyin təmin olunması və başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır: “Milli Məclis Şuşa Bəyannaməsini təsdiqlədi. Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisi tərəfindən bu sənədin təsdiqlənməsi gözlənilir. Bununla da Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olunur. “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi ortaq təhlükəsizliyimizin təmin olunması və ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər