Moldova koronavirus pandemiyası zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ölkələr həm ikitərəfli formatda, həm "Şərq Tərəfdaşlığı", GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər: "Bizim bu il üçün çox iddialı əməkdaşlıq planlarımız var. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu illər ərzində ölkələr həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib".
N.Popesku bildirib ki, Moldova işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə kömək etmək üçün Azərbaycana ekspertlər göndərmək imkanını nəzərdən keçirir.
Moldova XİN vurğulayıb ki, ölkələr arasında siyasi əməkdaşlıq çox yüksək səviyyədədir: "İqtisadi sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur".