11 Fevral 2022 10:39
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərəcəyi ilə bağlı xəbəri erməni tərəfindən narahatlıqla qarşılanıb. Bu nədən qaynaqlanır?

- Ermənistan üçün ən yaxşı variant UNESCO-nun bura missiyasının gəlməməsi olardı. Üzdə beynəlxalq yoxlamanın tərəfdarı olsa da, kim bilməsə də, onlar yaxşı bilir ki, Azərbaycanın tarixi, mədəni abidələrini dağıdıblar. Ermənilər bu abidələri saxtalaşdırıb. Əksinə onların iddia etdiyi kimi hər hansı bir mədəniyyət abidəsinə Azərbaycan tərəfindən zərər verilməsi faktı yoxdur. Erməni tərəfi həmişə yalan, öz etdiklərini digərinin üzərinə yıxmaq və beynəlxalq ictimaiyyəti aldatmaq metodunu seçib. UNESCO-nun indiki rəhbərliyi həm Vətən Müharibəsinə qədər, həm də ondan sonra Azərbaycana qarşı qərəzli mövqe tutsa da, dövlətimiz UNESCO-nun bura missiya göndərilməsinə nail oldu. Azərbaycanın tutarlı arqumentləri qarşısında onlar çox da duruş gətirə bilmədi. Ermənistanın təlaşı isə ilk növbədə özünün barbarlığı, ifşa olunacağı qorxusu ilə bağlıdır. Müəyyən müddətə də olsa onlar ictimai fikri manipulyasiya etməyə çalışır. Amma UNESCO-nun missiyasının Azərbaycan və Ermənistana gəlməsi erməni yalanının ifşasında çox böyük rol oynacaq. UNESCO da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

- Erməni tərəfinin I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın soydaşımızın aqibəti haqqında məlumat verməkdən imtinası hansı amillərlə bağlıdır?

- I Qarabağ müharibəsi Ermənistanın xaricdən müəyyən dairələrin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi və bu ərazilərdə barbarlığı ilə bağlıdır. Mədəni abidələrin dağıdılması, infrastrukturun korlanması, yerli əhalinin öz yaşayış yerindən qovulması bu sıradan olan məsələlərdəndir. Amma Azərbaycan üçün ən ağır olan məsələ erməni işğalı dövründən taleyi indiyə qədər məlum olmayan soydaşlarımızla bağlıdır. Azərbaycanda bu insanların siyahısı var. Onlar haqqında, hansı zaman və şəraitdə itkin düşmələri barədə məlumatlar mövcuddur. Ermənistan tərəfindən də Azərbaycan məhz bu faktlar əsasında olan məlumatları istəyir. Ermənistan bu suallara cavab verməlidir. Torpaqları Ermənistan qoşunları tutmuşdusa, həmin insanların sonrakı taleyi necə oldu? Onların kütləvi şəkildə qətlə yetirilməsi, yoxsa qul kimi işlədilməsi və başqa nə baş verməsi kimi sualların hamısına cavab verilməlidir. 4000-ə yaxın soydaşımızın taleyi bizim üçün qaranlıq qalmamalıdır. İndi də işğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqlar aşkar edilir. Ermənistan bütün bunlara aydınlıq gətirməlidir. 100-dən artıq soydaşımızın nəşinin qalıqlarının Azərbaycana verilməsi məsələnin cüzi bir həllidir. Azərbaycan sona kimi həqiqətlərin ortaya çıxmasına nail olacaq. Mümkündür ki, Ermənistan özünün I Qarabağ müharibəsindəki vəhşiliklərinin aşkar edilməsindən və bunun yaradacağı beynəlxalq əks-sədadan qorxur. Ancaq erməni millətçiləri tarix qarşısında gec-tez cavab verməlidirlər. 4 min Azərbaycan vətəndaşının taleyinə mütləq aydınlıq gətirilməlidir.

- Avropa Birliyinin Azərbaycana yanaşmalarında konstruktivlik müşahidə edilir. Proseslərin sonrakı gedişinə bu cür münasibətlərin təsiri haqqında nə demək olar?

- Avropa regionda yaranan yeni reallığı gec də olsa qəbul etməyə məcburdur. Ermənistanın işğalına son qoyulub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ölkəmiz Ermənistanla mehriban qonşuluq münasibətləri qurmaq istədiyini bəyan edib. Bu istiqamətdə dövlətimiz səmərəli addımlar atır. Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi başadüşüləndir. Ölkəmizin mövqeyində hər hansı bir ziddiyyət yoxdur. Avropa da gec-tez bunu dərk edir. İlk dövrdə Avropanın müəyyən dairələri Azərbaycana təzyiq etmək, onu öz mövqeyindən çəkinməyə məcbur etmək istəyirdi. Həmçinin erməni millətçilərinin müəyyən tələblərini Azərbaycana qəbul etdirmək kimi absurd istəklər də var idi. Amma Azərbaycan öz prinsipiallığını, atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu dəfələrlə sübut edə bildi. Ona görə də, Avropa bu gün reallığı qəbul edir. Azərbaycan özünün potensialı, stabilliyə xidmət edən mövqeyi ilə Avropaya lazımdır. Ermənipərəst dairələrin Azərbaycanla bağlı yalan iddialarına baxmayaraq, ölkəmiz özünün əsl mahiyyətini bütün dünyaya bəyan edib. Dünənə qədər Azərbaycana qarşı neqativ mövqe tutan insanların mövqeyinin dəyisməsi hesab edirəm ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun gəstəricilərindən biridir.


Müəllif: Tapdıq Qurbanlı