Şuşa bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox önəmlidir, belə ki bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr daha fərqli bir müstəviyə çıxır.
Teleqraf.com xəbər verir ki, bunu TurkicWorld-a açıqlamasında Türkiyə Prezident Administrasiyasından bildiriblər.
“Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrinin dünəninin, bugününün bütün sahələrini əhatə edərək bu əlaqələri sağlam təməlləri üzərində gələcəyə aparan bəyannamədir”-deyə administrasiyadan bildirilib.
Prezident Administrasiyasından onu da qeyd ediblər ki , bəyannamayə əsasən Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.
12 fevral 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyibb Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.