“Qərb Rusiyaya sanksiya tətbiq etmək istəmir. Ona görə ki, bu, Rusiya ilə yanaşı, onun özünün də xeyrinə deyil. Bu, Avropa nəhəngləri, məsələn, Fransa və Almaniyaya ağır fəsadlar verəcək. Buna görə də, Zelenski Fransa və Almaniya ilə yox, İngiltərə və ABŞ-la münasibətlərin inkişafını önə çəkir. Çünki bu ölkələr Rusiya ilə daha sərt davranmağın tərəfdarıdırlar, Moskva qarşısında daha sərt tələblər qoyurlar. Bu isə Zelenskinin siyasətinə uyğundur. Amma Fransa və Almaniya müharibə və ya sanksiya tətbiqini istəmir, çalışırlar ki, məsələləri diplomatik və digər dinc vasitələrlə çözsünlər. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyünün qarşısını alan sazşin imzalanmasını da gündəmə gətirirlər”.
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ukrayna-Rusiya gərginliyi gündəmdən düşmür. ABŞ hələ də Rusiyanın Ukraynaya hücum edəcəyində israrlıdır. Sizcə, bu ehtimal nə qədər realdır və Rusiya Ukraynaya hansı əsaslarla hücum edə bilər?
- Əlbəttə, müharibə ehtimalı var. Hərbi-siyasi və hərbi gərginlik, rus qoşunlarının Ukrayna sərhədlərindəki manevrləri və bölgədəki təlimlər, regiondakı hərbi birləşmələrin tərkibinin dəyişməsi, yəni artırılması kimi amillər göstərir ki, müharibəyə hazırlıq gedir. Amma bu müharibənin olub-olmayacağını demək çətindir.
Əgər hazırlıq gedirsə, demək, müharibə planı da var. Amma bu, nə vaxt olacaq, ümumiyyətlə, olacaqmı? Bu suala cavab vermək olmur. Müharibənin baş verməməsi də mümkündür, o da ola bilər ki, bir müddət sonra reallaşsın. Putinin özü də açıqlamasında bildirdi ki, müharibənin başlaması təkcə Rusiyadan asılı deyil.
Düzdür, bu, siyasi gedişdir və siyasi bəyanatdır. Amma həm də o deməkdir ki, hər iki tərəfi, xüsusən Rusiyanı müharibəyə sövq etməsələr, belə bir şey olmayacaq.
Hazırda Donbasda hərbi gərginlik müşahidə olunur. Bölgədə yaşayan insanlar oradan çıxarılır, bu, total evakuasiyadır. Bu da müharibə ehtimalının yüksək olmasından xəbər verir. Digər yandan, Rusiya birbaşa Ukrayna ilə müharibəyə girmək istəmir. Çünki bunun həm iqtisadi, həm də hərbi xərcləri çoxdur. Amma separatçılar müharibə apara, Rusiya onlara dəstək verə bilər. Bu, birbaşa Rusiya və Ukrayna arasında müharibə demək olacaqmı? Hər halda Rusiya istəməz ki, bu, kənardan belə görünsün.
Müharibənin başlanmasını bir sıra şərtlər müəyyən edir. Bu şərtlərdən bəziləri var, bir qismi yoxdur. Çatışmayan şərtlərin nə vaxt yetişəcəyini heç kəs deyə bilməz.
- Vəziyyət niyə bu yerə gəlib çatdı, əsas səbəb hansı ola bilər: Rusiyanın yeni işğal planı, Kremlin iddia etdiyi kimi, Qərbin “qızışdırıcı katalizator” rolu, yoxsa Ukraynanın öz ərazilərinin işğalda qalması faktı ilə barışmaması?
- Yeri gəlmişkən, Ukrayna rəsmiləri də bəyan edirlər ki, bizim Donbası güc yolu ilə, yəni silahla qaytarmaq niyyətimiz yoxdur. Maraqlı ifadədir.
Əvvələ qayıtsaq, görərik ki, 44 günlük müharibədən sonra Ukrayna cəmiyyətindən bir tələb vardı ki, əgər Azərbaycan hərbi yolla öz ərazilərini işğaldan azad edə bilibsə, biz də edə bilərik. Hazırlıq bundan sonra başlayıb. Fikir versək, görərik ki, bundan əvvəlki dövrdə belə bir gərginlik yox idi.
Ukrayna Azərbaycanın 44 günlük müharibədəki uğurlu taktikası ilə maraqlanmağa başladı. Buna uyğun olaraq, Türkiyədən pilotsuz uçan aparatların (PUA) alınması ilə bağlı danışıqlar apardı. Artıq bu PUA-lardan Donbasda tətbiq edib. Bütün bunların hamısı ondan xəbər verir ki, bizim müharibəmiz onlar üçün bir örnək olub. İndi bunu başqa formada Donbasda tətbiq etmək istəyirlər. Bu da Rusiyanı hərəkətə gətirib və Donbas separatçılarına dəstək verməyə başlayıb.
Siyasi məqamlarsa ondan ibarətdir ki, Rusiya başa düşür, bu addım atılsa, Ukrayna Donbasla yanaşı, Krımla bağlı ssenarisini də işə sala, beləliklə, Rusiya həmin bölgələri itirə bilər. Buna görə də, Rusiya artıq Ukrayna yox, Qərb qarşısında öz tələblərini qoymağa başladı.
- Ukrayna Prezidenti Vladimir Zelenski Qərbi Rusiyanın hücumundan əvvəl Moskvaya sanksiya tətbiq etməyə, tədbirlər görməyə çağırıb. Maraqlıdır, Qərb niyə bunun üçün Rusiyanın hücumunu gözləyir?
- Çünki Qərb Rusiyaya sanksiya tətbiq etmək istəmir. Ona görə ki, bu, Rusiya ilə yanaşı, onun özünün də xeyrinə deyil. Bu, Avropa nəhəngləri, məsələn, Fransa və Almaniyaya ağır fəsadlar verəcək. Buna görə də, Zelenski Fransa və Almaniya ilə yox, İngiltərə və ABŞ-la münasibətlərin inkişafını önə çəkir. Çünki bu ölkələr Rusiya ilə daha sərt davranmağın tərəfdarıdırlar, Moskva qarşısında daha sərt tələblər qoyurlar. Bu isə Zelenskinin siyasətinə uyğundur.
Amma Fransa və Almaniya müharibə və ya sanksiya tətbiqini istəmir, çalışırlar ki, məsələləri diplomatik və digər dinc vasitələrlə çözsünlər. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyünün qarşısını alan sazşin imzalanmasını da gündəmə gətirirlər. Bu da Ukraynanın və Qərbin digər aparıcı ölkələrinin maraqlarına uyğun deyil. Məsələn, nə İngiltərənin, nə də ABŞ-ın marağındadır.
- Rusiya və ABŞ arasındakı növbəti geosiyasi mübrizənin Cənubi Qafqazda qızışa biləcəyi ehtimalı da müzakirə mövzusudur. Bəs bu nə qədər mümkündür?
- Gərginlik geniş miqyas alsa, yəni hərbi-siyasi böhran dərinləşsə, bəli, bu mümkündür. Çünki Gürcüstan da NATO-nun tərəfdaşıdır, alyansda Ukrayna kimi statusa malikdir. Eyni zamanda, Qərb Gürcüstanla bağlı eyni mövqedə durur. Yəni Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması ilə bağlı şərtlər irəli sürür. Ona görə də, Gürcüstan da bu gərginliyə daxil ola bilər.
Məsələ hərbi müstəviyə gəlib çıxsa, Türkiyə də məcbur olacaq ki, NATO üzvü kimi bu prosesdə fəal şəkildə iştirak etsin. Çünki burada mümkün döyüşlərin və ya hərbi əməliyyatların səhnəsi kimi Qara dəniz hövzəsi çıxış edir. Qara dəniz hövzəsinin bütün ölkələri bu gərginliyə cəlb olunur, yəni həm Ukrayna, həm Bolqarıstan, həm Rumıniya, həm Türkiyə həm də Gürcüstan... Türkiyə və Gürcüstanın bu prosesə qoşulması Cənubi Qafqazın da burada iştirak etməsi deməkdir.
- Bəs belə bir durumda Azərbaycanı nə gözləyə bilər?
- Təbii ki, belə bir durumda Azərbaycan tam oyundan kənarda qala bilməz. Çünki Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik sazişi var. Fərz edək ki, Türkiyə bu və ya digər şəkildə müharibəyə qatılsa və hədəfə çevrilsə, Azərbaycan Türkiyənin müdafiəsində iştirak etməlidir. Yaxud Türkiyə Azərbaycana müraciət etsə, Azərbaycan buna reaksiya verməlidir. Əksinə, Azərbaycana hərbi müdaxilə olsa, Türkiyə Azərbaycana yardım göstərməlidir.
Amma indiki durumda nə Azərbaycan, nə də Türkiyə müharibə istəyir. Hər iki dövlət başa düşür ki, qlobal gərginlik olsa, Ermənistan KTMT üzvü kimi Rusiya tərəfindən iştirak edəcək. Belə bir durumda da bizim hələ tam sağalmayan yaramız - Qarabağ yenidən açıla bilər.
Birsözlə, belə bir müharibəni nə Türkiyə, nə də Azərbaycan istəyir. Heç Rusiya da istəmir. Buna görə də, Azərbaycan maksimum bu ssenarilərdən qaçmağa, ya da bunun gerçəkləşməməsi üçün addımlar atmağa çalışır.
- Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada səfərdədir. Putin niyə Əliyevlə görüşmək istədi?
- Qənaətimə görə, burada əsas məsələlərdən biri son gərginlik (Rusiya-Ukrayna böhranı – red.) ola bilər. Burada Azərbaycanın hansı mövqeni tutduğu tərəflər üçün maraqlıdır. Azərbaycan heç kəsin planlarına qarışmır. Azərbaycan Qoşulmama Hərəkatının həm üzvü, həm də sədridir. Ona görə də, Azərbaycan maksimum şəkildə neytrallığını qoruyub-saxlayacaq. Eyni zamanda, həm Rusiya, həm də Qərblə normal münasibətlərini saxlamaq niyyətindədir.
Yəqin Putin öyrənməyə çalışacaq ki, bu siyasi dəst-xətt hara qədər olacaq və hər iki tərəf üçün “qırmızı xətt” nələrdir. Yenə də burada əsas məqsəd indiyədək olan dialoq səviyyəsini saxlamaqdan ibarətdir. Yəni hər iki tərəf bu dialoq mühitinin saxlanılmasını istəyir. Əsas niyyət də budur ki, indiki gərginlik regiondakı prosesləri mürəkkəbləşdirməsin. Nə Azərbaycan, nə də Rusiya prosesin mürəkkəbləşməsini istəyir. Yəni əlavə gərginlik nə Rusiya, nə də Azərbaycan üçün arzuolunandır. Bizim həll etməli olduğumuz öz problemlərimiz var.