“Azərbaycan deputatlarının AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak üçün İrvana səfər etməsi müsbət hadisədir. Bütün dünya ölkələrində axmaq adamlar var. O cümlədən də Ermənistanda. Bu gün orada axmaq adamlar toplantının keçirildiyi iclas salonun qarşısında aksiya keçiriblər. Bu aksiya axmaqlığı göstərir”.
Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, Azərbaycanlı deputatlar düzgün addım ataraq İrəvana səfər ediblər:
“Beynəlxalq təşkilatın Ermənistanda iclası keçirilir. Bizimkilər də orada iştirak edir. Azərbaycan beynəlxalq yarışlar keçirəndə erməni idmançıları Bakıya gəlirlər. Eləcə də erməni siyasətçilər Azərbaycan paytaxtında hansısa beynəlxalq tədbirlərdə iştirak edirlər. Bunlar olmalıdır”.
Z. Əlizadə İrəvanda olan deputatların Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildiyin xatırladıb, bildirib ki, bunlar yaxşı nümunədir: “Mən əminəm ki, bir il, uzağı iki ildən sonra Azərbaycan və Ermənistan arasında diplomatik əlqələr, gediş-gəliş, ticarət olacaq”.