24 Fevral 2022 00:13
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzaladığı Bəyannamə mühüm tarixi əhəmiyyətə malik olan bir sənəddir. Sənəd barəsində Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Eyni zamanda 2008-ci ildə imzalanan Azərbaycanla Rusiya arasında Dostluq və Strateji tərəfdaşlıq haqqında Bəyannamə 14 il ərzində ölkələrimiz arasında münasibətlərin yeni bir yüksək səviyyəyə çatmasına imkan verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Rusiya münasibətlərinin yüksək səviyyəyə çatmasında iki ölkə Liderinin xidmətləri olduqca böyükdür: “Bu baxımdan iki ölkə arasındakı əməkdaşlığın səviyyəsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasını zərurətə çevirmişdi. Ona görə də, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı münasibətlərin, etimadın, yüksək göstəricisi kimi də dəyərləndirilir. Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək. Sənəddə həmçinin Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək mühüm müddəalar yer alıb”.

Millət vəkili hesab edir ki, dost, tərəfdaş və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir: “Azərbaycanın 2020-ci il 10 noyabr tarixi Zəfəri ilə başa çatan Vətən Müharibəsi dövlətimizin regional və beynəlxalq müstəvidə mövqeyini, əhəmiyyətini daha da artırıb. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etməklə beynəlxalq hüququn prinsiplərini təkbaşına icra edib. BMT Nizamnamələrini Azərbaycan özü təmin edib. Bu da Azərbaycanın qlobal və beynəlxalq münasibətlər sistemində nüfuzunun və çəkisinin əhəmiyyətli dərəcədə artmasına, güclənməsinə səbəb olub”.

Aqil Məmmədova görə, 2021-ci il 15 iyununda Şuşada imzalanan Azərbaycan Türkiyə arasında tarixi Bəyannamə də iki qardaş ölkə arasındakı münasibətlərin strateji müstəvidə təsdiqi və yeni bir yüksəliş mərhələsi hesab olunur: “Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni ölkəmizin həyatında və tarixində əlamətdar bir hadisə idi. Artıq Cənubi Qafqazda yeni bir konfiqurasiya formalaşıb. Yeni reallığın əsas iştirakçıları isə Azərbaycan, Türkiyə və Rusiya hesab olunur. Məhz bu reallıqda Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında Bəyannamə yeni konfiqurasiyanın açıq təsbiti idi”.

Deputat vurğulayıb ki, Şuşa və Moskva Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə təminat yaradan mühüm sənədlərdir: “Moskva Bəyannaməsinin 40-da artıq müddəası iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə etməklə yanaşı yeni inkişaf istiqamətləri üçün də vacib bir yol xəritəsidir. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimizin bundan sonrakı dönəm üçün əlaqələrində çox vacib bir istinad nöqtəsi olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər