2 Mart 2022 16:18
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 30 illik əməkdaşlıq dövründə özünü BMT-nin məsuliyyətli üzvü kimi etimad qazanıb. Ölkəmiz ali qurumun Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə hər zaman töhfə verib. Beynəlxalq sülhyaratma missiyasında ölkəmiz hər zaman fəallığı ilə seçilib. Təsadüfi deyil ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib. Bu müddətdə Azərbaycan dünyada sülh və təhlüksəziliyin bərqərar olunması istiqamətində prinsipiallığını davam etdirib. Azərbaycan həm də BMT TŞ-nin müvafiq qətnamələrini, ali qurumun nizamnaməsini rəhbər tutaraq özü icra etməklə regionda dayanıqlı sülh üçün zəmin yaradıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüskar kimi çıxış edib:

“Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş süsusi sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr prosesə əlavə töhfə verib”.

Deputat qeyd edib ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə məhz Azərbaycanda başlandı:

“Ölkəmiz tərəfindən 30-dan çox ölkəyə maliyyə-humanitar yardım göstərildi. Bu, koronavirusla mübarizənin Azərbaycan modelinin əsas üstünlüklərindən biri hesab edilir. ÜST başda olmaqla, əksər beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya siyasətini nümunə kimi qiymətləndirir. Bu gün BMT-də də hesab edirlər ki, Azərbaycan beynəlxalq arenada güclü tərəfdaşdır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər