Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı iki vacib məqama toxundu.
Onlardan biri sülh sazişinin bağlanmasıdır. Erməni baş nazir “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə bildirib ki, Gündəlikdə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, regional kommunikasiyaların açılması məsələləri var.
Digər bir vacib məqam isə Paşinyanın müxalifətdən olan deputatın Azərbaycanın Qubadlı rayonunun adını Sanasar adlandırmasına etiraz etməsidir.
“Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, - Paşinyan bildirib.
Göründüyü kimi, Paşinyan artıq erməni cəmiyyətini reallıqla barışmağa çağırır və Azərbaycana qarşı ərazi iddialarından çəkinməyə səsləyir.
Paşinyanın Azərbaycanla bağlı son açıqlamalarını qiymətləndirən politoloq Elxan Şahinoğlu Teleqraf.com-a açıqamasında bildirib ki, erməni baş nazirin sülh sazişinə dair çıxışlarının real nəticəsi yoxdur.
“Müharibə bitəndən bəri Paşinyan sülh sazişinin imzalanacağından danışır. Ortada isə bir addım yoxdur. Nə sərhədlər müəyyənləşib, nə dəhliz açılıb. Bir yandan sülh sazişindən danışırlar, bir yandan da Dağlıq Qarabağın status məsələsini qaldırırlar. Dağlıq Qarabağın status məsələsi Azərbaycan üçün bitib. Ərazi bütövlüyünü təmin etmişik və daha status söhbəti yoxdur. Minsk Qrupu ilə bu məsələlər daha müzakirə olunmur. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarını bildirilər, bir tərəfdən də Dağlıq Qarabağa status istəyirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Dağlıq Qarabağ məsələsi artıq bizim daxili işimiz hesab olunur. Bunu özümüz həll olunur”.
Paşinyanın Qubadlı ilə bağlı açıqlaması, bəli, maraqlı və yerində idi: “O, müxalifəti yerində oturtdu. Müxalifət iddia edir ki, Paşinyan Qarabağın 75 faizini Azərbaycana verib. Paşinyan da haqlı olaraq bildirir ki, həmin 75 faizi ondan qabaqkı hakimiyyətin rəhbərləri danışıqlarda Azərbaycana qaytarılması məsələsini müzakirə ediblər. 7 rayonun qaytarılmasını Azərbaycana qaytarılmasını Paşinyan deyil, ondan qabaqkı iqtidar rəsmiləri də müzakirə ediblər. İndi nə oldu ki, bu rayonların qaytarılmasını Paşinyana aid edirlər. Ona görə də Paşinyan Azərbaycan rayonlarının uydurma erməni adları ilə hallandırılmasına qarşı çıxıb və müxalifətə layiqli cavab verib”.