4 Mart 2022 18:27
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bir sıra məqsədlər daşıyır. İlk növbədə hərbi əməliyyatların dayandırılması, Rusiyanın geosiyasi ambisiyalarından geri çəkilməsi, ölkənin təcrid olunması, Rusiyanın müasir beynəlxalq münasibətlərdə iqtisadi inteqrasiyadan kənarda saxlanılması, bununla da onun iqtisadi cəhətdən tənəzzülünə nail olunması iqtisadi prioritetlər sırasındadır. Eyni zamanda tətbiq olunan iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatının dayanıqlılığının itirilməsinə yönəlib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O deyib ki, Rusiya Qərbə əsasən xammal formasında öz məhsullarını ixrac edir. Burada əsas üstünlüyü neft-qaz məhsulları təşkil edir:

“Lakin bir sıra transmilli korporasiyalar da var ki, onların nümayəndəlikləri ya Rusiyada fəaliyyət göstərirdi, ya üçüncü dövlətlərdən həmin transmilli korporasiyaların məhsulları Rusiya bazarına daxil olurdu. Hazırkı durumda sanksiyalar həm Rusiyada olan nümayəndəliklərin bağlanmasına, eləcə də məhsulların ixracının dayandırılmasına yönəlib. Bir sıra nümayəndəliklərin postsovet məkanında əsas mərkəz kimi Moskvanı seçməsi müşahidə olunurdu. Bunlar əsasən yeyinti, qida, xidmət, informasiya texnologiyaları, avtomobil sənayesi və digər sahələrdir ki, postsovet məkanına cəlb olunan məhsulların həm logistika nöqteyi-nəzərindən daşınması Moskva üzərindən həyata keçirilirdi. Çünki burada çox geniş aeroport şəbəkəsi var. Digər tərəfdən həm də bu şirkətlər çoxsaylı rus vətəndaşları işə qəbul etmişdilər. Təsəvvür edin burada nə qədər böyük ixtisarlar baş verəcək. Çoxlu insanlar işlərini itirəcəklər, məşğulluq problemi yaranacaq. Çünki söhbət yüz minlərlə vətəndaşın işsiz qalmasından gedir. Digər tərəfdən iqtisadi sanksiyaların tətbiq olunması, eləcə də bir sıra bankların SWIFT sistemindən kənarlaşdırılması, hava məkanının bağlanması, gediş-gəlişin dayandırılması təbii ki, Rusiya kimi bir dövlətin inteqrasiyasını dayandırmaqla yanaşı bir blokada vəziyyətinə gətirəcək və bu qapalılıq təbii ki, ilk növbədə iqtisadiyyata mənfi təsir göstərəcək, rublun məzənnəsinə pis təsir edəcək”.

İlyas Hüseynovun sözlərinə görə, lakin maraqlıdır ki, bütün baş verənlərin fonunda neft və qaz qiymətlərində yüksəliş hiss olunur:

“Düzdür, bu yüksəliş Avropa İttifaqına üzv ölkələrin rus qazından və neftindən olan asılılığı ilə birbaşa bağlıdır. Havaların soyuq keçməsini də nəzərə almaq lazımdır. Burada Rusiya tərəfi neft və qaz məhsullarını Avropanın tədarükçülərinə çatdırırlar, bu, həm də razılaşmalardan irəli gələn öhdəlikdir. Lakin gələcəkdə müxtəlif mənbələr hesabına Avropa İttifaqı özünün enerji təhlükəsizliyini təmin edərsə, o zaman neft və qaz məhsullarının bazara yalnız eyni mənbədən çıxmasının qarşısı alına bilər. Yaxud, müəyyən formada neft-qaz məhsullarının ötürülməsində başqa diversifikasiya mənbələrinə nəzər salınacaq”.

Politoloq bildirib ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların xarakteri öldürücüdür:

“2014-cü ildən bu yana Rusiyaya tətbiq olunan sanksiyalar çox şiddətlidir. Demək olar ki, bütün sahələri əhatə edir, hətta iqtisadi sahələrlə yanaşı idman sahələrini də əhatə edən bir sıra sanksiyalar var. Rusiyanın bir sıra beynəlxalq idman assosiasiyalarında üzvlüyü ləğv olunub və beləliklə, bu sanksiyaların həm də mənəvi-psixoloji tərəfi var”.

Sanksiyaların Rusiyanın daxili siyasi nizamına, daxili siyasətinə təsirinə gəldikdə isə politoloq qeyd edib ki, iş yerlərinin itirilməsi, ərzaq təchizatı zəncirində baş verən kataklizmlər, insanların maddi rifah halının aşağı düşməsi, kütləvi narazılıqların yaranması, hərbi sahədə uğursuzluqların həm də ailələrə sirayət etməsi fonunda Rusiya daxili ictimai rəyində çox böyük neqativ reaksiya formalaşacaq:

“Bu fonda Rusiya daxilində müxaliflərin də baş vermiş hadisələrdə təşəbbüsü ələ almasından sonra insanların küçələrə çıxması da müşahidə oluna bilər. Əslində sanksiyaların təməl prinsipləri də elə buna yönəlib. Yəni, Rusiya daxilində iğtişaşlar olsun, təlatümlər müşahidə olunsun və bunun nəticəsində ola bilsin ki, hakimiyyət dəyişikliyi baş versin. Bəlkə də artıq Qərb tərəfində Rusiyanın gələcək lideri haqqında da müxtəlif mülahizələr irəli sürülür. Lakin hazırda bu barədə danışmaq çox tezdir. Çünki Rusiya daxilində Vladimir Putinin atdığı addımlara haqq qazandıran və Ukrayna daxilində həqiqətən də neo-nasistlərin olması və ona qarşı mübarizə aparılmasının vacibliyini düşünən insanların sayı kifayət qədərdir. Bu baxımdan bu müharibənin həm də bir növ ideoloji əsasları var. Rusiyanın təbliğat maşınları, KİV-ləri, sosial şəbəkələri və dövlət nəzarətində olan media orqanları bu sahədə fəaliyyət göstərirlər. Lakin hazırda yürüdülən siyasətdən narazı insanların da sayı kifayət qədərdir. İqtisadi sanksiyalardan əziyyət çəkən insanların da həmin narazı kütləyə qatılmasından sonra Rusiya daxilində böyük çaxnaşmalar müşahidə oluna bilər. Bu, hərbi əməliyyatlar dövrünə də, müharibədən sonraya da təsadüf edə bilər. Amma Qərb strateqləri mütləq şəkildə buna çalışırlar və məqsəd Rusiyanı daxildən parçalamaq, daxildə siyasi qarışıqlıq həyata keçirməkdir. Bu xüsusda da Rusiyanın asayiş keşikçiləri, hüquq-mühafizə orqanları hazırkı durumda gücləndirilmiş iş rejimində öz fəaliyyətlərini qururlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər