27 Mart 2022 15:01
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Qarabağda baş verən gərginliyin əsas parametrləri nə ilə bağlıdır?

- Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qarşı hərbi-siyasi təxribat törədir. İşğalçı ölkənin dəstəyi olmasa, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qeyri-qanuni hərbi dəstələr mövcud ola bilməz. Onların silah-sursatla təchizatı, hərbi xərcləri kiçik bir icmanın ödəyə biləcəyi vəsait deyil. Bütün bunlarla yanaşı növbəti dəfə Azərbaycan mövqelərinə hücum edilir, ölkəmizi qorxutmağa, geri çəkilməyə, suverenlik hüquqlarımızdan əl çəkməyə məcbur etməyə cəhd edilir. Amma layiqli cavablarını alırlar. Azərbaycan Silahlı Qüvvələri özünün güc mövqeyini, torpaqlarını qorumağa qadir olduğunu bir daha sübut edir. Eyni zamanda Ermənistanın vaxtaşırı olaraq Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verməsi isə artıq “praktikaya” çevrilib. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin harada dislokasiya edəcəyi, yerini necə dəyişəcəyi özünün hüququnda olan məsələdir. Ermənistan bunu qəbul etməlidir. Ona görə də Ermənistanın növbəti təxribatına Azərbaycan layiqli cavabını verib. Azərbaycanın Ermənistan ərazisinin bir santimetrinə də iddiası yoxdur. Eyni yanaşmanı da biz Ermənistan tərəfindən gözləyirik. Ermənistan müharibənin bitməsinin ikinci ilinin yaxınlaşmasına baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır. Sərhədlərin dəqiqləşməsi ilə bağlı danışıqlara getməkdən çəkinir. Ümumiyyətlə isə Ermənistan hələ də 44 günlük müharibədən hiss edilir ki, yaxşı nəticə çıxarmayıb.

- Xankəndiyə gedən qaz xəttinin təbii şəraitdə zədələnməsi Avropa Birliyini niyə narahat edir?

- Qəribə bir təzad yaranıb. Ermənistanın Azərbaycana qarşı təxribatlarına göz yumulur, bəzən isə ona haqq qazandırılır. Ancaq Azərbaycan ərazisində baş verən hansısa bir texniki məsələyə siyasi qiymət verilməyə başlanılır, Ermənistanın hansısa bir “iddiasına” diqqət yönəldilir. Ona görə də Avropanın müəyyən dairələrinin bu cür erməni sevərliyini büruzə verməsi də təəccüb doğurur. Çünki həqiqət birdir. Həqiqətin iki üzü olmur. Vaxtilə Ermənistan xüsusi xidmət orqanları Bakı Metropolitenində terror törədəndə, sərnişin avtobuslarını partladanda, 30 illik işğal dövründə yaşayış məntəqələrini atəşə tutanda Avropa dairələri susqun idi. İndi isə Ermənistan təxribat törədir. Azərbaycan da bunun cavabını verir. Amma yenə həmin dairələr nədənsə, “böyük amallardan” danışırlar. Həmin böyük amalların ən böyüyü Azərbaycanın ərazi bütövlüyüdür. Ona görə də, Ermənistan Azərbaycan sərhədlərini tanımalı, qəbul etməlidir. Bu baxımdan müəyyən xarici dairələrin Azərbaycanı yenidən 27 sentyabr 2020-ci ildəki vəziyyətə qaytarmaq cəhdləri əbəsdir.

- Üçtərəfli razılaşmanın 4-cü bəndinin icrası ilə bağlı Azərbaycanın haqlı tələbinə qarşı bu cür davranışlar necə izah oluna bilər?

- 10 noyabr 2020-ci il Bəyanatının dəqiq yerinə yetirilməsini Azərbaycan həmişə tələb edir. Bundan sonra da tələb edəcək. Həmin Bəyanatda çox dəqiq şəkildə yazılıb ki, erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və danışıqların aparılması nəzərdə tutulub. Ermənistan isə bunun ancaq bir hissəsini yerinə yetirib. Digərlərinin yerinə yetirilməsi üçün diplomatik bəyanatlar versə də real işə keçməyib. Azərbaycanda heç kəs düşünmürdü ki, müharibə bitəndən sonra iki ölkə arasında qısa zamanda sülh bərqərar olacaq. Ermənistanda hələ də “böyük ermənistan” xülyası ilə yaşayanlar var. Bu ölkənin müəyyən dairələri, real hakimiyyətin içində olan bəzi qüvvələr Qarabağdakı və ətraf ərazilərdəki itkilərlə barışmaq istəmirlər.

- Sizcə, təxribatlar sülh prosesinə necə təsir edəcək?

- Sülh prosesi Ermənistan tərəfindən konstruktiv mövqe nümayiş etdirilərsə, qısa zamanda həyata keçirilə bilər. Ancaq görünən odur ki, bunun əldə edilməsinə çox böyük zaman lazımdır. Azərbaycan öz tərəfindən bunu edir. Həmçinin ölkəmiz dəfələrlə bildirib ki, özünün bir qarış torpağını belə heç kəsə güzəştə getməyəcək. Dövlətimiz özünün suveren hüquqlarına kiminsə, müdaxilə etməsinə imkan verməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər