“Ayaz Mütəllibovla son vaxtlar görüşməmişdim, onunla əlaqəm demək olar ki, yox idi. Sonuncu dəfə ona Novruz bayramında zəng vurdum ki, təbrik edim. Amma danışmaq mümkün olmadı. Dedilər ki, Ayaz müəllim xəstədir və hazırda müalicə olunur”.
Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dünən vəfat edən Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov haqqında danışarkən deyib.
Araz Əlizadə əlavə edib ki, Ayaz Mütəllibovun xəstəliyi haqqında onda heç bir məlumat olmayıb: “Mən konkret olaraq xəstəliyinin səbəbini bilmədim, deyəsən, özləri də heç bilmirdi. Ayaz müəllimlə normal münasibətimiz var idi. Xəstəlik elə şeydir ki, burada yaş da rol oynayır”.
Araz Əlizadə qeyd edib ki, Ayaz Mütəllibov Azərbaycanda demokratik ruhlu, savadlı, humanist insan kimi xatırlanacaq: “Hesab edirəm ki, Ayaz müəllim Azərbaycan tarixində qalacaq. O, müstəqil Azərbaycanın ilk prezidenti olub, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün çox işlər görüb”.
ASDP sədri bildirib ki, Ayaz Mütəllibovun hakimiyyəti dövründə ona radikal müxalifətdə olmuş siyasətçilər onun yas mərasiminə gəlməyiblər: “Əslində onların mərasimə gəlməsindənsə, gəlməmələri daha yaxşı idi”.