Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Fərrux ətrafındakı proseslərdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduqlarını bəyan edib. Sizcə, bu bəyanat əvvəlkilərdən nə ilə fərqlənir?
- Ermənistanın baş nazirindən başqa parlament sədri də Sankt-Peterburqda belə bir bəyanat səsləndirib. Amma burada bir diplomatik gediş də var. Qarşı tərəfə 5 maddədən ibarət ilkin sülh təklifi göndərilib. Həmin 5 prinsipdə iki ölkə arasında münasibət, ərazi bütövlüyü və dövlətlərin suverenliyinə hörmət əsas götürülür. Amma burada Ermənistanın diplomatik spekulyasiyası var. Bu da ondan ibarətdir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə tanımaq niyyətində deyillər. Məqsəd də odur ki, Qarabağın gələcək taleyi və “statusu” həll olunandan sonra onlar ərazi bütövlüyünü tanımağa hazırdır. Yəni müharibədən, məğlubiyyətdən sonra onlar köhnə siyasətlərini davam etdirmək niyyətindədir. Bu da təbii ki, səmimi istəkdə olmadıqlarını bir daha ortaya qoyur. Sadəcə olaraq bütün bunlar beynəlxalq ictimaiyyəti aldatmaq üçün ermənisayağı siyasi gedişlərdir.
- Son gərginlik və sülhməramlılarla bağlı ortaya çıxan məsələlərin bundan sonrakı inkişafı haqqında nə demək olar?
- Maraqlı odur ki, bu proseslərdən sonra həmsədr dövlətlər səviyyəsində Rusiyanın və Qərbin mövqeyi üst-üstə düşür. İndiki mərhələdə Qərblə Rusiya arasında ciddi gərginlik mövcuddur. Bu qütblər arasında fikirlər və mövqe fərqi var. Amma bu məsələlərdə onlar eyni mövqedən çıxış edir. Digər tərəfdən Rusiya dövlət dumasının bəyanatından sonra rəsmilərin bunun əleyhinə çıxması onu göstərir ki, Putin administrasiyası indiki mərhələdə Azərbaycana və Türkiyə ilə vəziyyətin gərginləşməsini istəmir. Bu baxımdan Azərbaycanın indiki şəraitdə fəallığı hiss olunur. Strateji məqsəd ondan ibarətdir ki, Azərbaycanın Xankəndi-Ağdərə yolunu nəzarət altında saxlanmasını həyata keçirməlidir.
- İstanbulda Ukrayna-Rusiya arasında keçirilən görüşün perspektivi, atəşkəsə nail olmaq üçün atılan ilkin addımların hansı nəticələr doğuracağı gözləntisi var?
- Bununla bağlı 15 gün öncə bu razılaşmaların çərçivəsini mümkün qədər göstərməyə çalışdım. İndi görünür, İstanbul danışıqlarından sonra bu mövzuların hamısı orada əksini tapıb. İndiki vəziyyətdə də proses o istiqamətdə inkişaf edir. Rusiya istədiyi məqsədlərə nail olmayıb. Ukraynanın da imkanları o qədər deyil ki, işğalçını öz ərazisindən çıxara bilsin. İndi belə bir balans yaranıb. Bu ilkin razılaşmalar ortaya çıxır. Belə bir çərçivədə və buna oxşar bir xəttdə razılaşmaların olması da mümkündür. Bu, diplomatik leksikonda ilkin mərhələyə aid mövzuları həll edən razılaşmalar kimi də xarakterizə edilir.