Vətən müharibəsində Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bundan sonra ölkəmizin, bütövlükdə dövlətçiliyimizin həyatında yeni bir dönəm başladı. Bu dönəm də dövlətçiliyin daha da inkişaf etdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların dövlət idarəçiliyində daha yaxından iştirakınının təminatı üçün mühüm amillər formalaşdı. Vətəndaşların dövlət strukturlarına çıxışının təmin edilməsi, bu istiqamətdə hər hansı bir maneənin olmaması üçün vacib islahatlar həyata keçirilir.
Bu mövzuda Teleqraf.com-a danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bir-birini təkrarlayan strukturların ləğv edilməsi, yeni idarəetmənin daha effektli və faydalı olması üçün müasir təcrübənin tətbiqinin vacib olduğunu deyib.
Onun fikrincə, elektron hökumət çərçivəsində idarəetmənin qurulması da günün tələbləri sırasındadır:
“Təxminən bir il öncə Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması haqqında Sərəncam verildi. Bu günlərdə isə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalanıb. Bundan öncə isə Gəncədə iki rayonun ləğv edilməsi haqqında verilən qərar onu göstərir ki, idarəetmədə daha çevik qaydaların formalaşması üçün vacib addımlar atılır. Eyni zamanda bələdiyyə inistitutlarının statusu, dövlət, xüsusən də yerli idarəçilikdə hakimiyyətin iştirakının effektivliyinin artırılması labüddür. Bununla yanaşı icra hakimiyyətlərinin ya ləğvi, ya da başqa bir formada formalaşması da mümkün görünür”.
Millət vəkilinə görə, iqtisadi rayonlar üzrə bölgünün aparılması kimi məsələlər gündəmə gətirilə bilər:
“Hər bir halda bütün bunlar mütərəqqi ideyalardır. Xalqımız bu ideyaları dəstəkləyir. Çünki xalq Prezidentin bu günə qədər gördüyü bütün işləri yüksək dəyərləndirir. Bu günə qədər dövlət başçısının irəli sürdüyü bütün konsepsiyalar xalqımızın inkişafına, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edib. Ona görə də biz yaxın zamanlarda idarəçiliyin daha müasir formalarına keçidi də görə bilərik. Yerli icra hakimiyyəti struktur olaraq SSRİ dağıldıqdan sonra formalaşıb. Bu idarəetmə üsulunun da müəyyən dövr üçün müsbət təsirləri olub. Amma daha geniş miqyasda bölgələrin inkişafının xarakteri üçün yeni və daha çevik addımların atılması zəruridir və günün çağırışlarına uyğundur”.
Musa Quliyev hesab edir ki, burada hansı qabaqcıl ölkələrinin modelinin seçilməsi kimi amillər də diqqətdən yayınmamalıdır: “Türkiyə, ABŞ, Avropa idarəetmə modelinin seçilməsi məsələsində konseptualı olaraq daha optimal variantın məqbul seçilməsi mümkündür. Ümumilikdə isə bütün bu islahatlar effektiv, çevik idarəetməyə xidmət edəcək dəyişikliklər olacaq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin fikrincə, idarəetmədə yeni modelin tətbiqi günün tələbidir.
O qeyd edib ki, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəsinin təyin edilməsi artıq yeni idarəetmə modelinin praktiki olaraq tətbiqinin icrası deməkdir:
“Bu yeni bir modeldir. Biz bunu Şuşa, Ağdam və Zəngilan rayonları üzrə gördük. Artıq idarəçiliyin yeni bir formasına keçidin təzahürlərini görməkdəyik. İcra strukturlarında dəyişikliyin olacağı qaçılmazdır. Ümumiyyətlə yeni dövr və reallıq bir çox sahədə islahatların olmasını tələb edir. Dövlət başçısının ADA Universitetindəki tədbirdə yeni model idarəçilik formasına keçidlə bağlı məsələni qeyd etməsi, onu göstərir ki, bir çox sahələrdə islahatlar gedəcək”.
Hüquqşunas hesab edir ki, seçki sahəsində islahatların olması da gözləniləndir:
“Çünki 1995-ci ildə qanun qəbul edilərkən əhalinin sayı 7 milyondan artıq idisə, bu gün əhalinin sayı 10 milyondan artıqdır. Bu baxımdan idarəçilikdə yeni modelin formalaşmasını artıq görməkdəyik. Bələdiyyələrin statusunun artırılması, şəhər bələdiyyələrinin yaradılması da günün tələbləri sırasındadır. Əgər Türkiyə modelinə keçid deyiriksə, biz güclü və səlahiyyətli bələdiyyələrin olmasından söhbət edə bilərik. Bu baxımdan hələ ki, müəyyən cücərtiləri görürük. Amma koridorlarda gəzən söhbətlərdə referendumla bağlı da hansısa bir işlərin getdiyi söylənilir. Amma ümid edirik ki, bu dediklərimiz dövlətimiz, xalqımız üçün önəmlidirsə bu da olacaq. Ölkə başçısının atdığı hər bir addımın nəticəsi dövlətin və onun idarəçilyinin, iqtisadiyyatının gücləndirilməsi üçündür”.