11 May 2022 17:21
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin sonlarından, daha ciddi addımlarla mayın 2-dən Ermənistanda revanşist qüvvələri təmsil edən bir qrup müxalif partiya rəhbərinin Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb. Əslində bu aksiyalar zaman-zaman olurdu. Hələ aprelin 6-da – Brüssel görüşünə getməmişdən bir gün öncə yenə də Ermənistan müxalifəti ölkədə aksiyalar keçirdi. Bu aksiya da Brüssel görüşünə təsir etmək məqsədi daşıyırdı.

Bunu Teleqraf.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, Brüsseldən qayıtdıqdan sonra parlament saatında Paşinyanın bir neçə ağıllı fikirləri meydana gəldi:

“Bundan sonra ölkədə müəyyən narazılıqlar, parlamentdə bir neçə insident halları baş verdi. Amma bilirsiniz ki, Brüssel görüşündə aprelin sonunadək delimitasiya və demarkasiya proseslərini həyata keçirəcək komissiyaların formalaşdırılıb başa çatmasının bitəcəyinə dair razılıq əldə olunmuşdu. Eyni zamanda xarici işlər nazirliklərinə sülh sazişinin imzalanması ilə bağlı komissiyanın formalaşdırılması tələbi qoyulmuşdu. Azərbaycan tərəfinin Ermənistana təklif etdiyi və beynəlxalq hüquqa söykənən 5 prinsipin rəsmi İrəvan tərəfindən qəbul edildiyi fikirləri aprelin sonlarına yaxın artıq Ermənistan rəsmilərinin dilindən eşidilməyə başlandı”.

Çingiz Qənizadə bildirib ki, elə bu andaca hərbi cani, insan qatili və Qarabağda baş verən hadisələrdə, vandalizmdə, minlərlə soydaşımızın öldürülməsində və torpaqlarımızdan qovulmasında iştirakçı olan cinayətkar Köçəryanın, ona yaxın “Daşnaksütyun” və digər partiyaların, habelə Sərkisyanın birgə iştirakı ilə Ermənistanda çox ciddi aksiyalara start verildi:

“Mayın 2-dən başlayan bu aksiyalarda ilk günlər 10-12 min insan meydanlara toplaşırdı. Onlar İrəvandakı Fransa meydanında aksiyaları davam etdirdilər. Amma dünənki məlumatlardan və erməni siyasətçilərinin təhlilindən məlum oldu ki, artıq aksiya iştirakçılarının sayı 7-8 min nəfərə düşüb. Yəni əvvəlki 10-12 mindən 7-8 min nəfərə qədər azalıb. Ermənistan siyasi təhlilçiləri, o cümlədən siyasətdən başı çıxan hər bir şəxs qeyd edirdi ki, 8-10 minlik mitinqlərlə siyasi hakimiyyəti dəyişmək qeyri-mümkündür. Amma Ermənistandakı mitinqlərdə səslənən şüarlar – Paşinyanın istefası, hökumət binalarının iflic vəziyyətə gətirilməsi, lazım gəlsə tutulması, təbii ki, Qarabağ şüarları və sülh sazişinə qarşı şüarlar hamısı bayaq qeyd etdiyimiz müsbət irəliləyişə qarşıdır. Bütün bunlar revanşistlərin həm Avropa İttifaqına, həm də 2020-ci il noyabrın 10-da əldə olunmuş üçtərəfli sazişə qarşı çıxmaları deməkdir. Bunlar ona tab gətirə biləcəklərimi? Yox!”

Çingiz Qənizadə qeyd edib ki, bu gün cəmiyyət və dünya başqa şey tələb edir:

“Regionda demokratiya, sülh və təhlükəsizlik təmin edilməlidir. Amma öz cinayətlərini ört-basdır etmək üçün yenidən siyasi hakimiyyətə gəlmək istəyən Köçəryan-Sərkisyan cütlüyü və digərləri buna mane olmağa çalışırlar. Görünən budur ki, onlar bu istəklərinə nail ola bilməyəcəklər. Çünki elə yaxın günlərdə Paşinyan administrasiyasından istefa çağırışı edənlərə bir cavab verildi ki, onlar qulaqlarının arxasını görərlər. Bu cür qarşılıqlı ittihamlardan aydın olan budur ki, hökumət çox ciddi səylə bu revanşistlərə qarşıdır. Ermənistan cəmiyyətində ikitirəlik mövcuddur və məğlubiyyətdən 6 ay sonra – 2021-ci ilin iyun ayında səs verən 50 faizdən yuxarı əhali təbii ki, müharibə istəmir. Onlar Qarabağdan birbaşa imtina edirlər və Qarabağın Azərbaycan torpağı olduğunu qeyd edirlər”.

Müsahibimiz hesab edir ki, bu baxımdan sülh prosesinin tezləşməsi, sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya proseslərinin aparılmasına Ermənistandakı bu çağırışlar və mitinqlər müəyyən qədər təsir edəcək:

“Yəni zaman baxımından bu prosesi uzadacaq, amma nəticə etibarilə Ermənistan hakimiyyəti delimitasiya və demarkasiya prosesinin tez bir zamanda həyata keçirilməsində və sülh sazişinin imzlanmasında tam israrlı və qərarlıdır. Görünən budur ki, Ermənistan bundan qaça bilməyəcək. Çünki Ermənistan hazırda dalana dirənib. Yəni Avropa İttifaqı, Amerika və digər güclərlə imzaladığı sənədlər artıq onun manevr etmək imkanlarını məhdudlaşdırır. Paşinyan istəsə də, istəməsə də sülh sazişini imzalamağa hazırdır. Amma bu proseslər bir qədər təsir etsə də ümid edirəm ki, sonluğu qansız-qadasız sülh sazişinin imzalanması ilə başa çatacaq”.

Çingiz Qənizadə deyib ki, əgər revanşistlər hakimiyyətə gəlsələr və sülh sazişini imzalanmasına uzun müddət mane olsalar, Paşinyan da bunu bəhanə edərək sülh istiqamətində addımlar atmaqdan çəkinsə, o zaman Azərbaycan dövləti 2020-ci ilin noyabrın 10-da imzalanmış sazişə uyğun olaraq separatçıların tərk-silah edilməsi və təhlükəsizliyimizin təmin edilməsi məqsədilə Qarabağda əməliyyatlar keçirə və Xankəndidə bayrağımızı ucalda bilər:

“Bu, Ermənistan üçün son şansdır. Revanşistlər erməni xalqını, onun gələcəyini düşünmür. Özlərinin siyasi və maddi maraqlarını, həmçinin cinayətlərini ört-basdır etməyi düşünərək aldadılmış, pulla ələ alınmış 7-8 min insanı küçələrə tökməklə Paşinyanı bu addımları atmaqdan çəkinməyə məcbur etmək istəyirlər. Ancaq bu da baş tutan hal deyil”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər