Teleqraf.com-un suallarını Milli Məclisin deputatı Elman Nəsirov cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Elman müəllim, bu gün Şuşada növbəti dəfə Xarıbülbül festivalı keçirilib. Bu festivalın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Şuşada keçirilən Xarıbülbül festivalı təkcə mədəni hadisə deyil. Ötən dəfə keçirilmiş Xarıbülbül festivalında ölkə prezidenti cənab İlham Əliyev, birinci-vitse prezident Mehriban Əliyeva və digər tanınmış şəxslər iştirak edirdilər. Prezident İlham Əliyev Xarıbülbül festivalındakı çıxışında cox ciddi siyasi mesajlar verdi. Şuşanın Qarabağın bir incisi, türk dünyasının mədəniyyət paytaxtı olduğunu bütün dünya qəbul edir. Dünyanın müxtəlif ölkələrindən olan folklor qrupları bu festivalda iştirak edirlər və şahidi olurlar ki, Şuşa Azərbaycandır. Şuşada müxtəlif mədəniyyətlər birləşir. Əgər bir ölkə öz şəhərində böyük bir mədəniyyət tədbiri keçirisə, deməli bu ölkədə mədəniyyətə, incəsənətə böyük qiymət verirlər.
- Ermənistanın rəsmi şəxsləri Azərbaycana qarşı ərazi iddialarının olmadığını bildirsələr də, bu ölkənin aparıcı medai qurumları Şuşadan yazanda qarşısına “Azərbaycan tərəfindən işğal olunmuş şəhər”ifadəsini əlavə edirlər. Bu ziddiyyəti necə qiymətləndirmək olar?
- Ermənistan cəmiyyəti yekcins deyil. Onlar suyu bulandırmağı bacarırlar. Əsas odur ki, Brüssel görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü 5 bəndlik sülh təklifini qəbul etdi. Bu təkliflərdən ən vacibi Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Ermənistan saytlarının təxribat xarakterli yazıları bizi yolumuzdan döndərə bilməz. Şuşada Beynəlxalq Xarıbülbül Festivalını keçirməklə Azərbaycan həm də Ermənistana sülh mesajı verir. Cənab Prezident çıxışında da bildirdi ki, biz qarşılıqlı əlaqələrin güclənməsini, vətəndaş cəmiyyəti arasında təmaslların qurulmasını istəyirik. Xalq diplomatiyasının imkanlarından istifadə olunsun. Ermənistan rəhbərliyi, erməni cəmiyyəti Azərbaycanın mesajını düzgün qiymətləndirməlidir. Gəlin əməkdaşlıq edək, sülh bağlayaq, qarşıdurmaya sob qoyaq.
- İrəvanda Ermənistan müxalifətinin etiraz aksiyaları davam edir. Onların tələblərindən biri də Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamaqdan imtina etməsidir. Necə hesab edirsiniz, Ermənistan hakimiyyəti radikal müxalifətin tələblərinə zidd addım ata biləcəkmi?
- Ermənistan müxalifəti, radikal qruplar azlıqdadırlar. Ötən seçkilərdə Ermənistan cəmiyyəti sülhə səs verdi, Nikol Paşinyanı hakimiyyətdə saxladılar. 3-4 min nəfərlik narazı ermənilər heç nə əldə edə bilməyəcəklər. Ermənistanda Qarabağ klanının yenidən hakimiyyətə gəlməsi real deyil. Ermənistanı uçuruma sürükləyən həmin qüvvələrdir. Erməni xalqı Sərkisyan-Köçəryan rejimini inqilabla devirdi. Onların indi potensialı yoxdur. Onlar indi son güllələrini atırlar. Hazırkı Ermənistan iqtidarınını ziddiyyətli açıqlamalar versələr də belə yaxın gələcəkdə Azərbaycanla sülh sazişinə imza atacaqlarına ümid etmək olar.
- Azərbaycanın Şuşada beynəlxalq tədbirlər keçirməsi təkcə Ermənistanda deyil, İranda da müəyyən qısqanclıqla qarşılanır. Məsələn, onlar Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayını “Pantüküstlərin turan toplantısı” adlandırıblar. Nə üçün İran Azərbaycanın Qarabağda keçirdiyi tədbirlərə qısqanclıqla yanaşır?
- Bəli, İranda müəyyən siyasi dairlər Azərbaycan dövlətinin Qarabağda apardığı quruculuq işlərinə, keçirdiyi mədəni tədbirlərə qısqanclıqla yanaşırlar. Vaxtilə həmin qüvvələr həm Şuşada, həm də Ermənistanda Azərbaycana aid mədəni abidələrin, məscidlərin adlarının dəyişdirilməsi istiqamətində işlər görüblər. Amma mən bunu bütünlüklə İran dövlətinin adına yazmaq istəməzdim. Bizim münasibətlərimizdə müəyyən anlaşılmaz məqamlar olsa da, ümumi siyasətimiz əməkdaşlıq üzərində qurulub. Zəngəzur dəhlizinə paralele olaraq İran ərazisindən Naxçıvana yeni nəqliyyat xəttinin çəkilməsi üçün razılıq əldə olunub. Bir daha qeyd edirəm ki, əsas məsələ Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyidir. O, Qarabağdakı məscidlərdə donuz saxlayan Ermənistanla əməkdaşlıq etmiş müsəlman ölkələrinə vaxtılə mesajlarını göndərib, mövqeyini açıqlayıb. Ermənistana dəstək verən, Azərbaycanın uğurlarına qısqanan müsəlman ölkələri bir daha siyasətlərini saf-çürük etməlidirlər və bundan sonrakı fəaliyyətlərində əvvəllər buraxdıqları səhvləri təkrarlamamalıdırlar.