18 May 2022 19:57
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Azərbaycan-Türkiyənin yaratdığı birlik modelinin Cənubi Qafqazda önə çıxan məsələlərin həllində rolunu necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin indiki məqamda qardaş Türkiyəyə səfəri böyük bir hadisədir. Bu məsələdə Türkiyənin göstərdiyi bir mövqe var. Sözsüz ki, hansısa mühüm obyektlərin açılışında iştirak etmə proseduru bizdə də var. Amma bu, əlahiddə bir tarix idi. Azərbaycan Prezidentinin Türkiyədə Artvində xüsusi bir şəkildə qarşılanması, ona Türkiyənin ən yaxın dostu, qardaşı olaraq münasibət göstərilməsi hər zaman olduğu kimi bu dəfə daha fərqli anlayışla qarşılanır. Bölgədə yaranmış müharibə vəziyyətində əslində Türkiyənin Azərbaycanla bağlı siyasətini əyani şəkildə göstərmək üçün bu jesti ortaya qoyduğu artıq hiss olunur. Azərbaycan Prezidentinin açıqladığı kimi ölkəmizlə bağlı bir problem olarsa, 44 günlük müharibədə olduğu kimi qardaş Türkiyə birmənalı şəkildə bu prosesin iştirakçısı olacaq. Bu həm də Türkiyənin Azərbaycanın problemlərinə olan həssaslığını bir daha nümayiş etdirmək məqsədi güdən bir tablo idi. Bu, sözsüz ki, bizim üçün əslində çox önəmlidir. Azərbaycan üzərində hansısa bir plan düşünən, yaxud da məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələr artıq birmənalı şəkildə anlayırlar. Çünki onlar da bilir ki, istənilən bir məsələdə Türkiyə kimi güclü bir dövlət Azərbaycanla birlikdə hərəkət edəcək.

- Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə həssaslıqla yanaşması hansı məqamlardan qaynaqlanır?

- Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsinə baxışı fərqlidir. Burada söhbət NATO səviyyəsində əməkdaşlıqdan getmir. Burada məsələ müttəfiqliyə aiddir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bununla bağlı açıqlama verdi. Çünki müttəfiq o deməkdir ki, bir-birinin arxasından zərbə vurmayacaq anlayışa sahib olmalıdır. İsveç isə terroru dəstəkləyən ölkələrdən biridir. O, terroru dəstəklədiyinə görə də, Türkiyənin dövlət maraqlarına zərbə vurub problemlər yaradıb. Sözsüz ki, Türkiyə qətiyyən bunları unutmaq niyyətində deyil. Qardaş ölkənin bu məsələ ilə bağlı mövqeyi odur ki, hər hansı bir şəkildə İsveç-Türkiyə münasibətlərinin gələcəyində bir-birinə arxayın müttəfiq səviyyəsində mövcudluq mümkün ola bilmir. Türkiyə bunu açıq və səmimi şəkildə ortaya qoyur. Finlandiya ilə bağlı da müəyyən problemlər var. Amma Finlandiya prezidenti Türkiyə prezidenti ilə görüşməyi təklif etdi. Yəqin ki, Finlandiya ilə bu məsələlər öz həllini tapacaq. Çünki Finladiyanın terrora dəstəyi İsveç qədər deyil. Amma İsveç məsələsi Türkiyə üçün qırmızı xətt, prinsipial mövqedir. NATO-da Türkiyənin veto hüququ var. Bir dəfə Türkiyə bunu Yunanıstana tətbiq edib. Ona görə ki, Yunanıstan Türkiyə əleyhinə terroru dəstəkləyən ölkə olub. Bu baxımdan Türkiyə İsveç məsələsinə bu həssaslıqla yanaşır. İsveçin PKK və digər terror təşkilatlarını dəstəkləməklə paralel NATO-da Türkiyə ilə müttəfiq olmaq kimi bir davranışı təbii ki, səmimi qarşılana bilməz. Burada İsveçin geriyə atacağı addım çox önəmlidir. Bu olmasa, Türkiyə İsveçlə bir yola çıxmağa qərar verməyəck. Bununla da NATO-nun içində də müəyyən bir parçalanmaya səbəb olacaq hal baş verə bilər.

- Ermənistanda həftələrdir davam edən aksiyalar fonunda bu ölkənin Azərbaycanla sülh bağlamaq şansını necə qiymətləndirirsiniz?

- Bu gün Ermənistandakı aksiyaların Baş nazir Nikol Paşinyanı devirmək şansı o qədər də güclü deyil. Ermənistan cəmiyyətinin ümumi ab-havası müharibəyə yönəlik istiqamətdə deyil. Onlar müharibəyə qarşıdırlar. Emənistan müharibədə öz gücünü sınaqdan keçirdi. Bundan sonra onun kənardan əlavə güc almaq imkanları da yoxdur. Güc almağa ümid etdiyi ölkələr o dəstəyi vermədilər. 44 günlük savaşda ermənilərin ən arxayın olduğu ölkə Rusiya idi. Rusiya müəyyən dərəcə də öz neytrallığını qorumuş oldu. Qərb isə çox uzaqdadır və hansısa bir şəkildə bura qoşun gətirmək imkanı yoxdur. Üçüncü tərəfdən Türkiyə faktoru da Ermənistan üçün kifayət qədər xəbərdaredicidir. Türkiyənin “burada müharibə başladarsansa, bunun qarşılığını da ağır bir şəkildə ödəyərsən” mövqeyi ortadadır. Hətta İran kimi dövlət də vaxtilə onlara dəstək verdi. Sonra isə açıq dəstək vermək yolundan çəkildi. Yəni bu deməkdir ki, o, özünə hansısa bir şəkildə müttəfiq tapa bilmədi. Ona görə də, Ermənistandakı müharibə çağırışları mənasızdır. Bu baxımdan Paşinyan əslində erməni cəmiyyətinin əhval-ruhiyyəsini ifadə edir. Çünki bu xəttin alternativi müharibədir. Yeni müharibə isə İrəvan ətrafında səngər qurmaqla bitəcək. Çünki başqa bir yol qalmayacaq.

- Qarabağdakı ermənilərlə bağlı qarşı tərəfin iddialarına hansı arqumentlər var?

- Qarabağdakı ermənilər məsələsini isə Ermənistan Azərbaycanla uzlaşaraq həll edə bilər. Burada da anlayışla yanaşma olmalıdır. Çünki Azərbaycan razılıq vermədən heç Qarabağdakı ermənilərlə Ermənistandakı ermənilərin görüşmək imkanı belə olmayacaq. Laçın dəhlizi bağlandıqdan sonra Ermənistanın nə edəcəyi hələ də qaranlıq qalır. Sadəcə olaraq Azərbaycan son ana qədər jestlər edir. Bizim niyyətimiz müharibəni davam etdirmək deyil. Əgər onlar bunu davam etdirmək istəyirlərsə, məkan seçsinlər. Azərbaycan ərazisində buna imkan yoxdur. Çünki gücümüz bizə qarşı baş qaldıranın başını əzməyə imkan verir.

- Rus sülhməramlılarına nə dərəcədə arxayın ola bilərlər?

- İndiki halda ermənilər sülhməramlıya da arxayın olmasınlar, bunlar Azərbaycan üçün hüquqi bir məsələdir. Hüquqi məsələləri həll edib özümüz burada sülhü bərpa etmək imkanlarımızı işə sala bilərik. Ona görə də, Ermənistanda olan bəzi qüvvələrin uzaqdan revanş götürmək niyyətləri ciddi səslənmir. Görünən odur ki, qısa zamanda Ermənistanda olan bu təlatüm ortadan qalxacaq. Çünki real düşüncəyə onlar mütləq qayıtmalıdır.

- Sizcə, revanşistlər bunu Paşinyanın iradəsi hesab edir, yoxsa cəmiyyətin istəyi budur?

- Bu, Paşinyanın iradəsi deyil. Erməni cəmiyyətində çoxluğun iradəsi belədir. Yeni bir müharibə uğursuzluq, faciədir. Ona görə də, müharibəsiz sülh yolu ilə münasibətləri bərpa etməyə çalışacaqları qaçılmazdır.

- “Azərbaycan tərkibində Qarabağdakı ermənilərin heç bir gələcəyi yoxdur” iddiaları nəyə hesablanıb?

- Sovet dövründə də erməni burada terrorçu kimi mövcud idi. Onlar normal insanlar kimi burada yaşamayıblar. Ermənilərin burada terrorçu kimi mövcud olmasına, separatçı kimi yaşamasına Azərbaycan qəti imkan verməyəcək. Ancaq dinc, normal əməklə məşğul olan sadə erməni ilə Azərbaycanın heç bir problemi yoxdur. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə digər vətəndaşlar kimi bütün imtiyazlardan da istifadə edə bilər. Ona görə də, boş danışıqlara yol verirlər ki, Azərbaycanda erməniləri sıxışdırırlar. 1988-ci ilə qədər Azərbaycanda ən yüksək vəzifədə olan elə ermənilər idi. Sadəcə olaraq terrorçu və separatçıya bizim ölkəmizdə yer yoxdur. Onlar da bunu yaxşı bilir. Amma təəssüf ki, onların böyük əksəriyyəti məhz bu xəstəliyə tutulub. İndiki halda xəstəliyə düçar olmayanlarla bizim işimiz var. Onlarla normal münasibətlər olacaq. Buna da Azərbaycan istənilən səviyyədə təminat verəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər