8 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir, İSESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar sırasında olduğunu məmnunluqla vurğulayıb. Nazir, Azərbaycan hökuməti tərəfindən ölkə ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqətin ayrıldığını qeyd edib, həmsöhbətinin diqqətini xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının tarixi-mədəni irsinin məqsədli dağıdılması faktına yönəldib. O, hazırda azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən tarixi, dini və mədəni abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən danışıb. Ceyhun Bayramov, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini minnətdarlıqla ifadə edib.
Baş direktor Salim bin Məhəmməd əl-Malik Azərbaycanın İSESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkənin təşkilatın işinə verdiyi töhfəni təqdir edib. Hazırkı səfəri çərçivəsində Şuşa şəhərində keçiriləcək konfransda iştirak edəcəyini qeyd edən Baş direktor, həmçinin yaxın günlərdə İSESCO-nun xüsusi missiyasının Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcəyini söyləyib. İSESCO Baş direktoru cari səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını məmnunluqla qeyd edib.
Görüşdə tərəflər, İSESCO-Azərbaycan əməkdaşlığının perspektivləri, o cümlədən gənclərin iştirakı ilə sülh gündəliyini təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, habelə tarixi-mədəni abidələrin qeydiyyatının həyata keçirilməsi və digər məsələlər ətrafın fikir mübadiləsi aparıblar.