21 May 2022 16:08
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərməklə yanaşı, ölkəmizin Cənubi Qafqazda regional güc kimi qəbul edildiyinin növbəti dəfə isbatıdır. Təbrik məktubunda bir çox önəmli məqamlara diqqət çəkməklə bərabər, mürəkkəb siyasi proseslərin getdiyi bir dövrdə ölkəmizin dünya dövlətləri arasında sülhə və sabitliyə hədəflənmiş siyasətini ifadə edən mesajlar xüsusilə diqqət çəkir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, ABŞ prezidentinin təbrik məktubunda ilk öncə ABŞ-Azərbaycan münasibətlərinin tarixinə və ötən 30 il ərzində əldə olunmuş nailiyyətlərə xüsusi diqqət ayrılıb:

“Enerji mənbələrinin şaxələndirilməsində, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolu da xüsusi olaraq vurğulanıb. Bu, ABŞ-ın enerji mənbələrinin şaxələndirilməsi, Avropa və dünya bazarlarının təhlükəsizliyin və sabitliyin təmin olunmasında Azərbaycanla əməkdaşlığa nə qədər önəm verdiyinin növbəti təzahürüdür. Eyni zamanda, bu, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarına çıxışının təmin olunmasının vacibliyidir. Məktubun ikinci hissəsində ABŞ-ın xüsusilə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına və Trans-Xəzər regionun çiçəklənməsinə, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin intensivləşdirilməsinə, iki ölkə arasında iqtisadi, nəqliyyat və insanlararası münasibətlərin inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqları vurğulanıb. Bu nöqteyi-nəzərdən ABŞ-ın regionda yaranan yeni reallığı qəbul etməsi və dəstəkləməsi C.Bayedinin məktubunda öz əksini tapıb”.

Millət vəkilinə görə, Bayden mövcud vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib:

“ABŞ prezidentinin məktubu onu deməyə əsas verir ki, dünyanın super gücü olan Amerika Azərbaycanı regionun lider dövləti kimi qəbul edir. Xüsusilə, Qafqaz və ümumən Trans-Xəzər regionunun inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə önəm verilir. ABŞ fərqindədir ki, regionun inkişafı Azərbaycanın və onun Liderinin qlobal miqyaslı səyləri və konstruktiv mövqeyi ilə sıx bağlıdır. Bu baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər